XİDMƏT HAQQININ ÖDƏNİLMƏSİ BARƏDƏ
15-10-2019, 21:02
Teref.az :Son günlər “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismar İdarəsinin rayon Xidmət Sahələrində mülki müqavilə ilə işləyən fərdi sahibkarlara xidmət haqqının ödənilməsinin dayandırılması ilə bağlı bəzi internet resurslarında məlumatlar yerləşdirilir. Bu barədə aşağıdakıları diqqətə çatdırmaq istəyirik.
Belə ki, “Azəriqaz” İB ilə mülki müqavilə münasibətində olan, bir qrup fərdi sahibkar Lənkəran şəhər Statistika İdarəsinin müvafiq məktubu əsasında əhalinin siyahıyaalınması ilə bağlı siyahıyaalma məntəqələrində işə cəlb edildiklərini, Birliyin isə belə cəlbetməyə şərait yaratmasına baxmayaraq həmin dövr üzrə xidmət haqlarının onlara ödənilməsindən imtina etdiyini bildiriblər və ödənilməyən xidmət haqlarının hesablanaraq onlara verilməsini xahiş ediblər.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli, 1040 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli, 517 nömrəli Qərarına əsasən 2019-cu il oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin siyahıyaalınması keçirilib.
Bu qərarla, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması, o cümlədən siyahıyaalmaya cəlb ediləcək şəxslərin əmək və xidmət haqlarının ödənilməsi və digər təşkilati məsələlərin həllinin təmin edilməsi qaydaları və şərtləri müəyyən edilib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov PRESS RELİZ 15.10.2019 “Azəriqaz” İstehsalat Birliyi Y. Səfərov küç. 35 AZ 1025, Azərbaycan, Bakı Tel: (99412) 521 22 25 Faks: (99412) 521 22 69 Mob: (99450) 274 27 77 E-poçt: ceyhun.q.seferov@socar.az Veb səhifə: http://azeriqaz104.az/az Facebook: Azəriqaz İB İnstagram: @azerigas_ib YouTube kanal: Azerigas IB
Həmin qərarın 11-ci bəndində siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsinin rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxsləri, iş yerlərində əmək haqları saxlanılmaqla yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların işçilərini, müəllim və tələbələri, uçot sahəsində səriştəsi olan digər şəxsləri mülki-hüquqi müqavilələr üzrə cəlb etməklə həyata keçirilməsi nəzərdə tutulub.
Göründüyü kimi, Qərarın bu bəndində qeyd edilmiş əmək haqqının saxlanılması halı, dairəsi həmin bənddə sadalanan şəxslərdən məhz işəgötürənlə fərdi qaydada əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində əmək haqqı ödənilməklə çalışan fiziki şəxslərə aid edilir. Belə ki, Əmək Məcəlləsinin 179-cu maddəsində işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı halların dairəsi dəqiq müəyyən olunub. Birliyin əmək müqaviləsi ilə işləyən işçilərinin iş yeri və əmək haqları məhz bu maddədə qeyd edilən hallarla bağlı saxlanılır. Birlikdə mülki müqavilə ilə işləyən fərdi sahibkarlara ödənilən xidmət haqqının saxlanması halı nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sozügedən qərarında, nə də ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmayıb.
Lakin buna baxmayaraq, belə fərdi sahibkarların maddi vəziyyətini və digər sosial amilləri nəzərə alaraq, müstəsna hal kimi onlara siyahıyaalmaya cəlb edildikləri dövrdə xidmət haqqının hesablanıb ödənilməsi Birlik tərəfindən qərara alınıb.
Həmçinin, fərdi sahibkarların hazırki vaxtadək xidmət haqlarını almamaları barədə şikayətlərində qeyd etdikləri ilə bağlı bildiririk ki, Birliklə fərdi sahibkarlar arasında bağlanmış müvafiq xidmət müqaviləsinin şərtlərinə əsasən xidmət haqqı, göstərilmiş xidmətə görə təqdim olunan elektron qaimə fakturalar, eləcə də elektron vergi hesab fakturaları yoxlanıldıqdan və müvafiq aktlarla üzləşdirildikdən sonra cari ayın 12-16-sı tarixləri ərzində tərəfimizdən oların bank hesablarına ödənilir. Bununla da Birlik müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş olur.
Odur ki, sadalanan bu əməliyyatların aparılmasının müəyyən vaxt tələb etməsi müvafiq xidmət haqqının fərdi sahibkarların kart hesabına dərhal köçürülməsini mümkünsüz edir. Bununla belə, yaxın gələcəkdə xidmət haqları tam olaraq fərdi sahibkarların kart hesabına köçürüləcəkdir.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov