2 dekabr 2019-cu ildə Milli Məclisin plenar yığıncağında çıxış
3-12-2019, 10:45
2 dekabr 2019-cu ildə Milli Məclisin plenar yığıncağında çıxış
2018-ci ildə xalqımızın yüksək siyasi fəallığılə keçirilən seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyilə qələbə qazanan möhtərəm cənab prezidentimiz dərhal dövlətimizin və cəmiyyətimizin bütün tərəflərini əhatə edən və geniş xarekter daşıyan islahatlara start verdi. İlk növbədə formalaşdırdığı hökümətə təşəbbüskar, novator, müasir dünyagörüşlü, təmiz imici olan və idarəçilikdə kifayət qədər təcrübə toplamış gəncləri cəlb etdi. Struktur dəyişikliklərilə müşayət olunan yeni kadr islahatları davam etməkdə və fundamental mahiyyət daşımaqdadır.
Dövlətimizin güclənməsində, maliyyə imkanlarımızın artmasında mühüm amil olan iqtisadiyyatımızı müasir tələblər səviyyəsində qurmaq, vergi və gömrük sistemində şəffaflığı təmin etmək, kölgə iqtisadiyyatına son qoymaq, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmaq yolunda mühüm addımlar atıldı. İnqilabi xarakter daşıyan sosial islahatlar cəmiyyətimizin bütün sahələrini əhatə etdi.
Eyni zamanda, məhkəmə-hüquq sistemini müasir tələblər səviyyəsinə qaldırmaq məqsədilə “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” Fərman imzalandı və beləliklə, cənab prezidentimiz Azərbaycanı yeni inkişaf səviyyəsinə qaldırmaq niyyətini və iradəsini ortaya qoydu.
Bütövlükdə, ölkə prezidentinin həyata keçirdiyi islahatlar, hər zaman olduğu kimi xalqımız və nüfuzlu Beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməkdə və müdafiə olunmaqdadır.
Bütün bu köklü və inqilabi dəyişikliklər parlamentdən də yan ötə bilməzdi. Nəzərə alsaq ki, sistemli xarakter daşıyan islahatlar surətlə davam etməkdədir və bu baxımdan hər günün, hər ayın ciddi əhəmiyyəti var. Geniş miqyas alan islahatların yüksək səviyyəli, peşəkar, dövlətçiliyimizə sədaqətli, prinsipial və fəal parlament bazasına söykənərək aparılması zamanın tələbidir.
Ulu Öndərimiz Heydər Əliyevin qurucu olduğu Yeni Azərbaycan Partiyası siyasi arenaya qədəm qoyduğu andan milli dövlətçiliyimizdə və xalqımızın taleyüklü məsələlərinin həllində müstəsna xidmətlər göstərməkdədir və partiyanın erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də məhz bu ənənənin ifadəsi kimi dəyərləndirilməlidir.
Biz, Ana Vətən Partiyası olaraq Yeni Azərbaycan Partiyasının ciddi əhəmiyyət kəsb edən erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü dəstəkləyir və dəyərli həmkarlarımı da bu təşəbbüsə qoşulmağa dəvət edirik. Əminəm ki, bizim bu gün qəbul edəcəyimiz yekdil rəyimizə möhtərəm, cənab prezidentimiz müsbət yanaşacaq və yeni formalaşan parlamentimiz dövlətçiliyimizə və xalqımıza əhəmiyyətli töhvələr verəcəkdir. Parlament seçkilərdə iştirak edənlərə uğurlar arzulayıram.
Sağ olun.
Diqqətinizə görə təşəkkür edirəm.
Fəzail Ağamalı