Başçının adı kriminal olayda hallanır - İLGİNC TӘFӘRRÜAT
7-04-2015, 11:19
Redaksiyamıza bir avtoqəzanın tarixçəsi ilə bağlı yeni məlumatlar daxil olub. Söhbət ötən il dekabrın 9-da Hacıqabul-Bəhrəmtəpə yolunun 30-cu kilometrliyində, Sabirabad rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzasından gedir. O zaman bu hadisə ilə bağlı mətbuatda məlumat yayılmışdı: “Saatlı rayon sakini Əlibarat Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən, Qaratəpə kənd sakini, 14 yaşlı Elmar Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən Elmar Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır”.
Hadisə ilə bağlı bundan artıq məlumat yayılmadı. Bugünlərdə “xeberinfo.com”a bu hadisə ilə bğlı maraqlı məlumatlar daxil olub. Onu qeyd edək ki, hadisə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırılıb. Çox keçmir ki, müstəntiq Qəzənfər Mansurovun apardığı iş yekunlaşır və səbəbkar Əlibarat Rəhimova “gözün üstə qaşın var” deyən olmur. Biz nə istintaqın gedişinə, nə də cənab müstəntiqin ədalət və obyektivliyinə şübhə etmirik.
Amma, ... istintaq zamanı məlum olur ki, yeniyetmə Elmar Əliyevin psixoloji problemi var imiş(?) Nədənsə hadisədən dərhal sonra Əlibarat Rəhimov da Bakıdakı xəstəxanalardan birində yatmalı olur(?) Və hadisə ilə bağlı istintaq da qısa müddətə yekunlaşır. Və s. Bununla da iş qapanır.
Biz müəyyən yanlışlıq olar deyə, hələlik əldə etdiyimiz məlumatlarla bağlı geniş yazmırıq. Qarşıdakı günlərdə aidiyyatı dövlət orqanlarına sorğu ünvanlamaqla mövzunu davam etdirəcəyik.
Hadisə ilə bağlı əldə etdiyimiz digər maraqlı məlumat isə Saatlı rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarovla bağlıdır. Məlumata görə məhz cənab Cabbarovun köməkliyi sayəsində istintaq belə tez yekunlaşır və Əlibarat Rəhimov da Saatlıdakı vəzifəsini (Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rayondakı şöbəsinin müdiri.) icra etməkdə davam edir.
Bəs Siracəddin Cabbarovun adının bu kriminal işdə hallanmasının səbəbi nədir? Məlumata görə icra başçısının Əlibarat Rəhimova “qayğısı”nın özəl səbəbi var: biznes maraqları. Belə ki, Siracəddin Cabbarovun Əlibarat müəllimin bir doğma adamı ilə (Hələlik adını açıqlamırıq.) müəyyən şərikli biznes layihələri həyata keçirməsi haqqında məlumatlar var. Məsələn, rayonda “Saatlı qastinçası” kimi tanınan və az qala 1 əsrə yaxın yaşı olan mehmanxana bu şərikli biznesin qurbanı olub: icra baçısının şəriki əvvəlcədən mehmanxananı 40 minə sahibindən alır və bir gün sonra parkın genişlənməsi planına uyğun olaraq 200 minin qarışılığında mehmanxana yerlə-yeksan olur...
Yazı dərc olunmazdan əvvəl adları hallanan şəxsləri də dinləmək istədik. Təəssüf ki, cəhdlərimiz nəticəsiz oldu.