Azerceldə şok fırıldaq: 1 qəpik dilənçiliyi – FOTOFAKT
17-12-2015, 01:36
"Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb. Belə ki, cumhuriyyet.az-a şikayət edən abonentlər “sim” kartdan imtina edərək başqa mobil operatorlara üstünlük verirlər. Hərçənd, digər mobil operatorlar da qənaətbəxş sayılmaz. Sadəcə, “Azercell”in bahalığı və peşəkar maxinasiya oyunları, vətəndaşa qarşı fırıldağı şirkətin nüfuzunu aşağı salıb. Çünki ölkədə ən bahalı telefon danışığı mobil operatorluğunu Azercell həyata keçirilir.
Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir. Bu dəfə isə cumhuriyyet.az-a daxil olan şikayət faktı isə Azercell-in öz abonentlərinə qarşı açıq fırıldağını ortaya qoyur. Demək, redaksiyamıza müraciət edən Azərcell abunəçisi olan şikayətçi (bu və bundan sonra öz istəyi ilə şikayətçinin adını və mobil nömrəsini qeyd etməyəcəyik) bildirir ki, bir neçə gün bundan öncə Azərcell onun telefonuna mesaj göndərib ki, bəs sizin nömrə günlük 50 mb kampaniyasına qoşuldu, 3 gün pulsuz internet veririk sizə, sonra gündə 10 qəpik çıxacağıq balansdan. Əgər istəmirsinizsə, sms yazın göndərin, həmin sms-ə 1 qəpik çıxacağıq: “”3 gun pulsuz Internet! 50MB=10qepik kampaniyasi nomrenizde aktivdir. Kampaniyadan imtina ucun STOP1 yazib 2525 gonder. 1SMS=1qepik.” Sonra, 2-ci gün belə sms gəlir: “Sizin Gun50MB Mobil İnternet paketiniz avtomatik yeniləndi.”
Ən maraqlı proses bundan sonra baş verir. Azercell operatoru ilə şikayətçi arasındakı mesajlaşmanı olduğu kimi diqqətinizə çatdırırıq:
Azercell: Azercell Onlayın Müştəri Xidmətinə xoş gəlmisiniz. Zəhmət olmasa bir az gözləyin, qısa müddət ərzində Sizə xidmət təqdim olunacaq.
Azercell: Salam. Sizə necə yardımçı ola bilərəm.
051*** ** **: Salam.
051*** ** *: Mən bir məsələ ilə bağlı sual vermək istəyirdim.
Azercell: Buyurun.
051*** ** *: Bazar ertəsi axşam saatlarında mənə bu məzmunda smsm gəlib. 3 gun pulsuz Internet! 50MB=10qepik kampaniyasi nomrenizde aktivdir. Kampaniyadan imtina ucun STOP1 yazib 2525 gonder. 1SMS=1qəpik. Növbəti gün isə “Sizin GUN 50MB Mobil İnternet paketiniz avtomatik olaraq yeniləndi. məzmununda sms gəlib. Mən mobil datadan istifadə etmirəm və paket götürmürəm heç vaxt. Bilmək istərdim ki, mənim nömrəmdə paket niyə aktiv edilir?
Azercell: Sualınız bu nömrə ilə bağlıdır?
051*** ** *: Bəli.
Azercell: Nömrənizdə kompaniya aktiv olunmuşdur. İlk 3 günlük internet paketi ödənişsizdir. Yəni 3 gün ərzində hər gün 50 mb pulsuz olaraq təmin olunacaq. Üç gündən sonra isə günlük 50 mb paketə görə 10 qəpik çıxılacaq. Mesajda bütün ətraflı məlumatlar qeyd olunub. Siz həmin kampaniyadan imtina etmək istəyirsinizsə, STOP1 yazıb 2525 qəsa nömrəsinə göndərə bilərsiniz. SMS tarifi 0.01 AZN
051*** ** *: SMS-in məzmunu mənə aydındır. Bəs əgər mən sms yazıb göndərməsəm, onda necə?
Azercell: 3 gündən sonra günlük 50mb görə 10 qəpik çıxılacaq.
051*** ** *: Siz mənə bu mesajı göndərəndə əmin idiniz ki, mənim 3 gün ərzində bu sms-i oxumaq imkanım olacaq ya yox?
Azercell: Həmin kampaniya avtomatik olaraq aktiv olunmuşdur və sms göndərilmişdir. Sizin narazılığınız qeydiyyata alındı.
051*** ** *: Bəlkə mən latın qrafikalı əlifbanı oxuya bilmirəm… Və ən nəhayət bəlkə mən heç 3 gün telefondan istifadə etməyəcəm. Bu sms-dən necə xəbərdar olacaqdım? Şikayətimi qeydə əlmamışdan əvvəl zəhmət olmasa yuxarıda 3 sualımdan heç olmasa birinə cavab verin.
Azercell: 3 gündən sonra paketin yenilənməsi olacaqdı. Qeyd etdiyim kimi kampaniya avtomatik olaraq aktiv olunmuşdur. Nəyə görə aktiv olunubsa dəqiq deyə bilmərəm, çünki həmin kampaniyyaya əsasən nömrəniz sistem tərəfindən seçilmişdir və kampaniya aktiv olunmuşdur.
051*** ** *: Nəyə görə 1 qəpiyimdən və 3 saniyəmdən keçib “STOP” yazıb göndərməliyəm? Maraqlı səbəb deyirsiniz. Sistem nömrəni seçib:)) Sistem müştəriyə sərf edən nə üçünsə onun nömrəsini seçir?
Azercell: Qeyd etdiyim kimi sizin narazıçılığınız qeydiyyata alındı ki, gələcəkdə bu cür hallar baş verməsin.
051*** ** *: Sizdən tələbim, zəhmət olmasa nömrəmi bu kampaniyada deaktiv edin, heç bir məbləğ çıxmadan, hətta 1 qəpik də!
Azercell: Biz tərəfdən həmin paketi deaktiv etmək mümkün deyil. SMS göndərib deaktiv edə bilərsiniz.
051*** ** *: Mən sizdən xahiş etmişdim ki, sizin naməlum və gülünc sistemlə işləyən sisteminiz mənim nömrəmi seçsin? Aktiv mümkündür, deaktiv yox? Elə isə dediyiniz bu səbəbi və sistemin işləmə prosedurunu mənə elektron poçtla, ya da nömrəmə göndərin.
Azercell: Mümkün deyil. Sms göndərib deaktiv edə bilərsiniz. Bizim ofislərimizin birinə müraciət edib yazılı olaraq şikayət edə bilərsiniz.
051*** ** *: Necə mümkün deyil?
Azercell: Qeyd etdiyim kimi avtomatik olaraq aktiv olunmuşdur, narazısınız və Sizin narazıçılığınız qeydə alınmışdır.
051*** ** *: Texnoloji innovasiyalardan dəm vuran Azercell XXI əsrdə müşətirini mütləq şəkildə ofisə göndərir? Problemi virtual şəkildə həll edə bilmir?
Azercell: Mən qeyd etdim artıq, Sizin narazıçılığınız qeydə alındı ki, gələcəkdə bu kimi kampaniyalar avtomatik olaraq aktiv edilməsin. Biz tərəfdən paketin deaktiv edilməsi mümkün deyil, o səbəbdən sms göndərmək lazımdır.
051*** ** *: Sağ olun
Azercell: Siz də sağ olun. Azercellə müraciət etdiyiniz üçün təşəkkür edirik.
Digər bir problemli məsələ isə abunəçilərə göndərilən SMS-lərin qanunvericilik daxilində tənzimlənməməsidir. Hər gün Azercell tərəfindən 8228-dən 6 milyona yaxın abunəçisinə təhrikedici, həm də xahiş dolu nidalar basılmağa başlanır.
Azercell məlumat yaydı ki, bezdirici SMS-lərin qarşısı alınacaq. Abunəçi 9005 nömrəsinə “stop” və ya “boş sms” göndərməklə bunun qarşısını alacaq. Buradan isə bir daha aydın olur ki, abunəçilərə göndərilən bezdirici SMS-lər tənzimlənə bilərmiş. Çünki SMS-lərin bezdirici olduğunu şirkət olaraq özləri də inkar etmirlər.