SAĞLAM HƏYAT - SAĞLAM GƏLƏCƏKDİR

20-02-2020, 21:40           
SAĞLAM HƏYAT - SAĞLAM GƏLƏCƏKDİR
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Alekseyevka kəndində yerləşən R.Məmmədov adına tam orta məktəbdə on ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirləri ilə “Narkotiklər haqqında nə bilirik”, “Narkotik, yoxsa həyat”, “Radikal və separatçı dini təriqətlərin fəsadları və profilaktikası”, “Erkən nikahlar, onun fəsadları və qarşısının alınması yolları”, “Tariximizi öyrənək. Xocalı soyqırımı haqqında nə bilirik?” və “Sosial şəbəkələrin yeniyetmələrə psixoloji təsiri” mövzularında görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin və ictimaiyyət nümayəndələri, məktəblərin pedaqoji heyəti və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov çıxış edərək, möhtərəm prezident cənab İlham Əliyevin dövlət siyasətinin istiqamətlərindən biri də - sağlam gəncliyin formalaşması olduğunu bildirib. Narkomaniyanın fəsadları barədə geniş məlumat verən polis rəisi, bu maddələrin istifadəçisi olan şəxslərin öz həyatlarını bilə-bilə məhv etdiyini qeyd edib. Hal-hazırda narkotiklərin aludəçisinə çevrilmiş şəxslərin əksəriyyətini gənclər təşkil etdiyini, bir çox insanların sağlamlıqlarını itirdikdən sonra öldürücü maddələrin pəncəsindən yaxa qurtarmağa çalışdığını, lakin buna müvəffəq ola bilmədiklərini bildirib. Erkən nikah mövzusuna da toxunan polis rəisi, erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yarandığını və onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olduğunu bildirib. S.Neymətov həmçinin qeyd edib ki, heç bir valideyn övladını yeniyetmə vaxtlarında evliliyə məcbur edərək onun gələcəyini məhv etməməlidir.
Quba RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kənan Məmmədov və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis kapitanı Ramin Məmmədov daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən qəttiyyətli tədbirlər barədə məlumat veriblər. Dini radikalizm mövzusuna da toxunan natiqlər, ölkədəki dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq, dövlət-din münasibətlərinin qanunvericiliklə tənzimləndiyini bildiriblər. Gənclərə qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən uzaq durmalarını, milli-mənəvi və dini dəyərlərimizin qorunmasında, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətdə daha aktiv mövqe tutmalarının vacibliyi barədə məlumat veriblər.
Daha sonra çıxış edən Quba rayon Ağsaqqallar şurasının sədri İldırım Məmmədov, RPŞ-nin Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov, ADPU-nin Quba filialının müəlliməsi-psixoloq Nübar Bayramova və Quba MRX-nın pediatr-həkimi Səidə Əliyeva keçirilən tədbirin mahiyyəti və zəruriliyini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə qısametrajlı film göstərilib.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.