SİYƏZƏNDƏ KARANTİN REJİMİNƏ ƏMƏL EDİLMƏSİ NƏZARƏTDƏDİR
16-04-2020, 22:11
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar. Sakinlərdən lüzumsuz yerə yaşayış yerlərini tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə əlaqədar rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və müvafiq sənədləri yoxlanılır.
Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də rayon və kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər də aşkarlanıb. Belə ki, xüsusi karantin rejiminin tələblərini pozan 120 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar. Bu tədbirlər şöbə əməkdaşları tərəfindən xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.