Yevlaxda məmurlara xəbərdarlıq
1-05-2020, 13:12

Yevlax Şəhər İcra Hakimiyyətində video müşavirə keçirilmişdir. Əlaqədar təşkilat rəhbərlərinin də iştirak etdiyi müşavirədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirilən işlər bir daha müzakirə olunmuş, görülən işlərə nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.
Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev respublika ərazisində aparılan kompleks tədbirlərdən, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. İcra başçısı bildirmişdir ki, dövlət rəhbəri tərəfindən ölkədə korrupsiyaya və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılır. Proses göz qabağındadır. Məmurlar bütün bunlardan nəticə çıxarmalıdırlar. Bununla yanaşı o, vətəndaşların ödənişli ictimai işlərə cəlb edilməsi, eləcə də aztəminatlı ailələrə yardımların göstərilməsi məsələlərinin rayon hüquq mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılmasının vacibliyini vurğulamışdır.
Teref.az