Zərdablılar yeni icra başçısından yox, əvvəlkindən daha çox narazışılıq ediblər VİDEO

22-07-2020, 17:09           
Zərdablılar yeni icra başçısından yox, əvvəlkindən daha çox narazışılıq ediblər VİDEO

Zerdab-rayonu.jpegGÖDƏKQOBU SAKİNLƏRİ: "Adımızdan istifadə edib, bu çətin məqamlarda bizi Mərdan Camalzadə ilə üz-üzə qoymaq düzgün deyil!"

Xeyli vaxtdır ki, internet saytlarında və sosial şəbəkələrdə Zərdab rayonundakı bir çox kəndlərin bələdiyyə torpaqlarını, o cümlədən ümumi istifadəyə verilməsi nəzərdə tutulan örüş sahələrini ayrı-ayrı işbaz şəxslərin zəbt edərək, qanunsuz istifadə etmələrindən bəhs edən yazılara tez-tez rast gəlinir. Həmin yazılarda deyilir ki, bu işbazlara öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutan vəzifə sahibləri qorxub, çəkinmədən münbit şərait yaradıblar. Onların istədiklərini etmələri isə, artıq neçə ildir ki, burada xaoslu və ajiotajlı bir durumun yaranmasına səbəb olub. Deyilənlər barədə, rayonun Gödəkqobu kənd sakinləri adından saytlarda və digər mətbu vasitələrdə gedən yazılar daha çox səs-küy yaradıb. Həmin yazıların da əsas məğzi ondan ibarətdir ki, əslində, qanunla gödəkqobuluların istifadəsinə verilməli olan belə torpaq sahələri, çoxdandır ki, bir qrup işbaz tərəfindən qanunsuz zəbt edilib. Mediadakı həmin yazıların çoxunda işıqlandırılan kənd sakinlərinin kollektiv müraciətlərində xüsusi olaraq vurğulanır ki, ümumi istifadə üçün nəzərdə tutulan belə torpaqlar daha çox rayonun əvvəlki rəhbəri Lütvəli Babayevin dövründə,
bələdiyyə rəhbərləri tərəfindən qanunsuz olaraq, kəndə aidiyyatı olmayan ayrı-ayrı şəxslərin istifadəsinə və icarəsinə verilib.

Yeri gəlmişkən qeyd edək ki, 2004-cü ildə təsdiq olunmuş mövcud xəritə üzrə Gödəkqobu Bələdiyyəsinin sərəncamında ümumi istifadə üçün nəzərdə tutulan 558 hektar torpaq sahəsi olub. Həmin torpaq sahəsindən əkin üçün ayrılmış 62,9 hektarın hamısının, örüş üçün nəzərdə tutulmuş 119,5 hektarın əlverişli bütün hissələrinin də, belə bir aqibəti olub. Yəni, kənd bələdiyyəsinə məxsus həmin torpaq sahələrinin böyük hissəsi saxta müqavilə sənədləri ilə, uzun müddətli icarə adı altında qanunsuz tutulub. Bütün bunlar azmış kimi, kənd sakinləri özlərinə məxsus əkin sahələrini heç vaxt normal sulaya da bilməyiblər.
Hamıya məlum olduğu kimi, bütün aran rayonlarında, o cümlədən Zərdabda da suvarma suyunun verilməsində həmişə müəyyən çətinliklər olub. Pambıq, yonca və digər əkin sahələrinin suvarılması növbəlilik əsasında təmin edilib. Halbuki Gödəkqobu kənd camaatı üçün bunu da çox görüblər. Bu işə məsul vəzifə sahibləri əkin sahələrinin suvarılmasında yaratdıqları bu çətinlik ajiotajını həmişə havaların kəskin quraqlıq keçməsi, Gödəkqobu kəndinin də əkin sahələrinin xeyli hissəsinin suvarılmasında istifadə olunan Göyçay və Türyançay çaylarının sularının quruması ilə əlaqələndirməyə çalışıblar. Guya, bu səbəblərdən, həmin çaylardan əkin sahələrinin suvarılması üçün istifadə etmək mümkün olmayıb. Əslində isə, kənd sakinləri üçün ayrılan su, ötən illərdən bəri, saxta icarə müqavilələri əsasında zəbt olunan və təxminən 45 hektar ərazini əhatə edən, ancaq saxta sənədlərdə 22 hektar kimi göstərilən 3 böyük təbii gölə -- axmaz sututarlara verilib. Kənd sakinləri dəfələrlə aidiyyatı orqanlara müraciət edərək, xahiş ediblər ki, kənd ərazisində olan göllər Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ölçülsün. Çünki, adicə metrə ilə ölçəndə də, bu dəqiqliyi aydın etmək olur.
Məyusedici digər bir məsələ ondan ibarətdir ki, müqavilə əsasında Gödəkqobu üzrə balıqçılığın ikişaf etdirilməsi məqsədi ilə yaradılan mövcud sututarların, kənd sakinlərinə heç vaxt heç bir xeyri dəyməyib. Çünki həmin təbii göllər, çoxdandır ki, dədə-babadan ondan istifadə edərək, balıq tutmaqla ailələrini dolandıran kənd sakinlərinin əllərindən alınaraq, Bələdiyyənin saxta sənədləriylə Gödəkqobuya xeyirləri dəyməyən ayrı-ayrı fiziki şəxslərə icarəyə verilib. Onu da qeyd etmək vacibdir ki, bu 3 böyük göldən hər il tonlarla balıq əldə edərək, satan həmin işbazlar, əldə etdikləri böyük gəlirlərindən dövlətə qanuni vergi yox, həmişə, onlara bu münbit şəraiti yaradan rayon rəhbərlərinə haqq veriblər. Di gəl ki, bələdiyyə mülkiyyətindəki bu təbii göllərin əsas hissələrini yad adamlara icarəyə verməklə, bələdiyyə büdcəsinə və əhalinin sosial rifahına zərbə vuranların belə cinayət əməllərinə indiyədək hüquqi qiymət də verilməyib. Həm də, həmin sututarların icarəyə verilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəylərində və şəhadətnamə ilə aparılan qeydiyyatlarında ağlasığmaz bir çox saxtakarlıqlara rast gəlinib.
Ümumiyyətlə, 3000 nəfər əhalisi olan və regionda böyük kənd kimi tanınan Gödəkqobuda dədə-babadan əsas məşğuliyyət maldarlıq və əkinçilikdir. Bir vaxtlar əhali balıqçılıq və baramaçılıqla da məşğul olub. Di gəl ki, baramaçılığın inkişafına da əngəllər yaradılıb. Hətta bu məqsədlə salınmış 3 hektar tut bağını həmin işbazlar qanunsuz olaraq doğratdıraraq, yerində meyvə ağacları əkdiriblər. Balıqçılığın inkişafına əngəl olan səbəblər isə, göz qabağındadır. Bu barədə ortada saxta sənədlərin olmasına baxmayaraq, indiyədək heç bir tədbir görülməyib. Kənd sakinlərinin təbii göllərdən istifadə edə bilməmələrinin məlum səbəbləri təkzibolunmaz cinayət faktlarına çevrildiyindən, bu barədə əlavə nəsə deməyə ehtiyac duymuruq. Doğrudan da, Gödəkqobu kəndində əhalinin aqibəti yaxşı deyil, hər şey "kor kor, gör gördü": Su zülmü yaşamaları, örüş torpaqlarının başqaları tərəfindən zəbt edilərək əkilməsi, böyük göllərinin saxta sənədlərlə qanunsuz tutulması, həmçinin göllərin yaxınlığında olan kollektor və mühərriklərin belə zəbt edilməsi onların dilənçi günündə yaşamalarının əsas səbəblərinə çevrilib.
Gödəkqobuluların başqa iş yerləri olmadığından, yeganə əlaclarını yalnız öz torpaq sahələrini əkib-becərməkdə tapıblar. Buna da, həmişə, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin başında duranlar mane olaraq, əngəl yaradıblar. Nəticədə, çox vaxt əkdikləri və becərmək istədikləri nemətləri susuzluqdan məhv olub.
Onu da qeyd edək ki, rəhbər şəxsləri idarəyə gələn dizel yanacağı hesabına da həmişə "ciblərini doldurublar". Buna görə, idarəyə məxsus yanacaq vuran aparatları düzgün işlətməyiblər. Hər hektara su üçün vətəndaşlardan iki qat artıqlaması ilə pul alıblar. Texnikaları belə təmir etdirməyiblər. Texnikalar təmir olunmasa da, saxta sənədlərdə göstərdikləri təmir "pərdəsi altında" pul vəsaitləri yazaraq, mənimsəyiblər. Hətta əməkdaşların maaşlarını kəsərək, mənimsəməkdən də çəkinməyiblər. Kənddəki su mühərrikləri üçün ayrılmış dizel yanacaqlarının yoxlanılmasına daim zərurət olsa da, əlaqədar dövlət qurumları bunu etməyiblər. Əvəzində, həmin mühərriklər işlədilmədiyi halda da, onlara görə saxta sənədlərdə yazılan dizel yanacağının pulları mənimsənilib. İstifadə edilən elektirik enerjisinin pul göstəriciləri də, rəsmi sənədlərdə dəfələrlə artıq göstərilib və bu vəsaitlər talanıb. Fəhlələr üçün tikilməsi vacib olan xüsusi geyimlər onlara verilməyib. Kənd ərazisindəki suvarma kanalları lildən, qamışdan, kol-kosdan təmizlənməyib. Kanalların təmizlənməsi üçün də saxta sənədlər tərtib edilib və dövlət büdcəsindən buna görə ayrılan külli miqdarda bu pul vəsaitləri belə mənimsənilib.
Kənd sakinləri üzləşdikləri bu qanunsuzluqlar barədə, hətta, dəfələrlə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyinə müraciət də ediblər, amma indiyədək ortada bunun da müsbət hansısa nəticəsi yoxdur. Çünki kənd sakinlərinə qənim kəsilən Zərdab rayon Suvarma Sistemləri İdarəsindəki vəzifə sahibləri talançılıqla əldə etdikləri vəsaitlərin bir hissəsini yuxarıda oturanlara ötürdüklərindən, onlara “gözün üstə qaşın var” deməyə heç kəs cürət etməyib. Eləcə də, adları bir çox cinayətlərdə hallanan “Aqrolizinq” ASC-nin və digər önəmli dövlət idarələrinin rayon şöbələrinə başçılıq edənlərin də "xətirlərinə dəyən tapılmayıb".

Ümumiyyətlə, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərin qanunsuz fəaliyyətlərindən kənd sakinləri çox əziyyət çəkiblər. Yaranmış problemlərin həll edilməsi üçün Zərdab rayon icra hakimiyyətinin başçılarına dəfələrlə müraciət edib, hətta onların qəbullarında olsalar da, onların barəsində heç bir tədbir görülməyib. Çıxılmaz vəziyyətə düşən kənd sakinləri nə edəcəklərini bilməyiblər, vəzifə tutanlar isə, rəhbəri olduqları dövlət qurumlarını atalarının əmlakları kimi idarə ediblər. Hətta bir ara onların qanunsuz əməllərindən cana doyanlar Azərbaycan vətəndaşlığından, onlara verilmiş pay torpaqlarından imtina etmək də istəyiblər. Gödəkqobuluların şikayət etmədikləri yer qalmadığından, sonda, onlar, aidiyyatı dövlət qurumlarının bu ciddi məsələlərə diqqət ayırıb, reaksiya vermələri üçün, media vasitəsi ilə üzləşdikləri problemləri ictimailəşdirmək qərarına gəliblər. Bütün bunlar barədə, narazı kənd sakinləri tərəfindən araz.az-a ünvanlanan şikayət məktublarında və müraciətlərdə də, xoşagəlməz çox faktlar barəsində yazılıb.
Onların başlarına nələr gətirilməyib, hansı problemlə üzləşməyiblər?!Şikayətçilər öz məktublarında və müraciətlərində öncə qeyd ediblər ki, bu boyda kəndə mədəniyyət və tərəqqi gətirən yolları illərlədi olduqca pis durumdadır. Bu azmış kimi, əsas həyat mənbəyi olan suyu da onlara çox görüblər. Daha doğrusu, suyu onlara olduqca baha qiymətə satıblar. Bu da sakinlərin maddi imkanları ilə üst-üstə düşməyib. Bir sözlə, bir qrup vəzifə saxtakarları talançılıqla məşğul olaraq, kənd camaatına zülm ediblər. Sonda, kənd sakinləri onların törətdikləri bu cinayət əməllərinin araşdırılmasını və cavabdeh vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini vacib biliblər. Buna görə də, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazdıqları çoxsaylı məktublar vasitəsilə, onlardan xahiş və tələb ediblər ki, sadaladıqları problemlərinin araşdırılması və qanunsuz əməllərə yol verən məmurların cəzalandırılması üçün, aidiyyatı dövlət qurumlarına öz göstərişlərini versinlər. Həm də, qanunsuz zəbt olunan torpaqlarının təcili boşaldılaraq, kənd sakinlərin ümumi istifadəsinə qaytarılması məsələsini həll edilənədək nəzarətlərində saxlasınlar. Həmin şikayət məktublarından birində şikayətçi kənd sakinləri ürək ağrısı ilə bunları yazıblar:
"Cənab Prezident!
Çox hörmətli Mehriban xanım!
Kənd təsərrüfatının inkişafı üçün mütərəqqi addımlar atsanız da, buna qarşı çıxan vəzifəli şəxslər də var. Onların arasında bizim rayondan olan vəzifə sahibləri də çoxdur. Öz maraqlarına görə, onlar da, ağıllarına gələn vəzifə saxtakarlıqları etməkdən çəkinmirlər.
Elə, Gödəkqobu Bələdiyyəsini ələ keçirən vəzifə sahibləri də həmin saxtakarların bir tayıdırlar. Onlar səlahiyyətlərindən sui-istifadə edərək, bələdiyyə əmlaklarını şəxsi malları kimi talan etməkdən heç vaxt çəkinməyiblər. Şəxsən Sizə, dövlətimizə və qanunlarımıza qarşı çıxıblar. Onların barəsində qanun çərçivəsində təcili tədbirlər görülməsinin vaxtı çoxdan çatıb.
Sizin şəxsi göstərişinzlə, son vaxtlar ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks, sistemli və ardıcıl tədbirlər həyata keçirilməsi, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədi ilə, öz qanunazidd şəxsi maraqlarını güdməklə vəzifə sahiblərinin peşəkar davranış qaydalarına və yüksək etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində silsilə tədbirlərin davam etdirilməsi bizim kəndin vəzifəli şəxslərini də hədsiz qorxuya saldığından, onlar qanunsuz əməllərinin üstünü öz maraqlarına görə ört-basdır etməyə çalışırlar.
Sizdən xahiş edirik ki, şikayət məktubumuzda göstərdiyimiz qanunsuzluq faktlarının yerində, bizim iştirakımızla obyektiv araşdırılıb, ciddi tədbirlər görülməsinə öz tapşırıqlarınızı verəsiniz!".
Yuxarıda qeyd etdiyimiz xoşagəlməz hallar keçmiş icra başçılarının dövründə baş verən özbaşınalıqların və kobud qanun pozuntularının acı nəticələridir. Doğrudan da, Zərdabın digər kəndləri kimi, Gödəkqobuda da belə qanunsuzluqlar 2020-ci ilə kimi, sabiq icra başçılarının rayondakı hakimiyyətləri dönəmində baş verib. İşbazların gücü və rayonun sabiq rəhbər şəxslərinin iştahları həmişə zəhmətkeş zərdablıların istəklərini üstələyib.
Bu istiqamətdə araz.az xəbər portalı əməkdaşlarının apardıqları araşdırmalardan da məlum olub ki, Mərdan Camalzadə Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi 2019-cu ilin noyabr ayının 12-dən bu günədək, burada bir hektar da olsa dövlət və ya bələdiyyə torpağının kimlərinsə istifadəsinə və icarəsinə verilməsi barədə hansısa qərar qəbul etməyib, bu barədə müvafiq tapşırıq belə verməyib. Başçı, hətta kənd sakinləri tərəfindən bütün bunlar barədə Rayon İcra Hakimiyyətinə ünvanlanan şikayət məktublarına və kollektiv müraciətlərə təcili baxılmasına da ciddi göstərişlərini verib. Elə, başçının göstərişi ilə, Gödəkqobu kənd sakinlərinin son kollektiv müraciətləri də mütəxəssislər tərəfindən araşdırılıb və 2020-ci ilin fevral ayının 18-də rayon rəhbərinin 18 nömrəli sərəncamı ilə, bu məsələni araşdıracaq xüsusi komissiya yaradılıb. Həmin Komissiyanın tərkibinə 3 nəfər kənd sakini də cəlb edilib. Araşdırma aparan komissiya ilk növbədə kənd bələdiyyəsinin torpaq sahələrinə, o cümlədən ümumi örüş sahələrinə, sonra isə, komissiyaya təqdim olunan icarə müqavilələrinə, mülkiyyət və icarə hüquqlarını təsdiq edən sənədlərə və digər rəsmi akt və sənədlərə baxış keçirərək, müəyyən edib ki, doğrudan da, Gödəkqobuya aid bələdiyyə torpaqları qanunsuz olaraq daha çox zəbt edilib. Bundan sonra, örüş sahələrinin və təbii sututarların boşaldılması ilə əlaqədar Gödəkqobu Bələdiyyəsinə həmin komissiya tərəfindən müvafiq göstərişlər verilib. Zəbt olunmuş torpaq sahələrinin və sututarların ayrı-ayrı şəxslər tərəfindən könüllü şəkildə boşaldılmayacağı təqdirdə, müvafiq sənədlərin toplanaraq, məhkəməyə müraciət edilməsi bələdiyyəyə tövsiyə olunub.
Bütün bunlara baxmayaraq, bəzi internet saytları, eləcə də sosial şəbəkələrdə çıxış edənlər narazı gödəkqobuluların adlarından sui-istifadə edərək, baş verən bütün qanunsuz proseslərin və xoşagəlməzliklərin günahkarı kimi, başda yeni başçı Mərdan Camalzadənin adını hallandırırlar. Əsas şikayətçi olan kənd sakinləri isə, onların adlarından istifadə edənlərə haqq qazandırmırlar. "Bəzi internet saytları adımızdan istifadə edib, bu çətin məqamlarda bizi Mərdan Camalzadə ilə üz- üzə qoyaraq, düşmən etmək istəyirlər!" -- deyən şikayətçilər tərəfindən redaksiyamıza təqdim olunan video-görüntüdə də, onlar, əsasən, bu barədə daha geniş danışırlar. Qeyd edirlər ki, onların adından bəzi internet saytlarında icra başçısı barədə yazılmış ifadələr düzgün deyil, böhtan xarakterli olmaqla, heç bir hüquqi əsası da yoxdur: "Çünki Mərdan Camalzadə Zərdaba icra başçısı təyin olunandan bir neçə gün sonra, bizim şikayətlərimizə görə iclas keçirdi və bizi qəbul edərək, bu sarıdan olan dərd-sərimizi öyrəndi. Bundan dərhal sonra komissiya yaradılmasına tapşırıq verdi. Məqsədi də, kənddə zəbt edilib, qanunsuz əkilən örüş torpaqlarının azad edilməsi və biz sakinlərin istifadəsinə qaytarılması idi. Hazırda ayrı-ayrı fiziki şəxslər tərəfindən qanunsuz zəbt edilmiş həmin torpaq sahələrinin icra başçısı Mərdan Camalzadənin tapşırığı ilə boşaldılması üzrə tədbirlər davam etdirilir.
Qorxulu koronavirus pandemiyasının ölkəmizdə yaratdığı gərginlik bu tədbirlərin tez başa çatması qarşısında da bir əngələ çevrilib. Yubanmanın əsas səbəbinin bu olmasını biz şikayətçilər də yaxşı başa düşürük. Lakin adımızdan yalandan yazırlar ki, guya, biz, başçının yaratdığı komissiyanın formal xarakterli işlər gördüyünü, heç bir problem həll etmədiyini demişik. Guya, belə də demişik ki, başçı təbii göllərin saxta icarə müqavilələri ilə zəbt edilməsi barədə hansısa araşdırma aparılmasına və buna qarşı tədbir görülməsinə belə öz göstərişlərini verməyib. Guya, onu da demişik ki, həmin işbazların gücü və başçının iştahı bu dəfə də biz zəhmətkeşlərə qalib gəlib. Yoxsa, icra başçısını Gödəkqobu Bələdiyyəsinin bu qədər qanunsuz əməlinə göz yummağa vadar edə biləcək başqa heç bir səbəb olmazdı.
Adımızdan şər, böhtan danışanlar bizi nədən başçı ilə düşmən etmək istəyirlər, anlamaq olmur! Eşitmişik ki, hətta adımızdan yazılan bu şər-böhtanlara görə, barəmizdə Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmədə iddia da qaldırılacaq. Bu çətin məqamda bizə bu lazım idimi?!.".
Maraqlı olsun deyə, həmin video-görüntünü oxucularımızın da diqqətinə çatdırırıq.
Məhi ELSEVƏR,
Malik MİRZƏ,
araz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.