Bakı Dövlət Universiteti tənqidə cavab verdi:"Belə bir hadisə, müraciət və ya görüş olmamışdır."
17-09-2020, 22:03
Tertef.az olaraq Bakı Dövlət Universitetinin mövqeyini təıqdim edirik:
Son günlər bəzi xəbər saytlarında Bakı Dövlət Universiteti haqqında qərəzli, əsassız, həqiqəti əks etdirməyən xəbərlər yer almağa başlayıb. Bütün bunları son zamanlar Bakı Dövlət Universitetində aparılan islahatlardan, yeni təhsil innovasiyaları və təlim texnologiyalarının tətbiqindən narahat olan qüvvələrin qərəzli yanaşmasının təzahürü kimi qiymətləndirir, kütləvi informasiya vasitələrindən xahiş edirik ki, BDU haqqında hər hansı bir informasiya yayarkən BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən informasiyanın doğruluğunu dəqiqləşdirsinlər. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi KİV-nin hər bir sorğusunu, hər bir sualını cavablandırmağa hazırdır və bu, şöbənin vəzifə borcudur.
2020-ci il 17 sentyabr tarixində dia.az saytında işıqlandırılmış “Tələbələr BDU rektorundan narazılıq etdi - "Mən belə qanun tanımıram" başlıqlı yazıda yer alan ittihamların da heç bir əsası yoxdur. Belə bir hadisə, müraciət və ya görüş olmamışdır.
Bildiririk ki, BDU-nun rəsmi saytında hər bir tələbənin birbaşa rektora müraciət etməsi üçün xüsusi bölmə vardır. Bundan əlavə, rektorun şəxsən nəzarət etdiyi Tələbə qutusu tələbələrin arzu və istəkləri, şikayətləri üçün nəzərdə tutulub. Həmçinin BDU-nun sosial media hesablarından tələbələrin şikayət və təklifləri qəbul olunur. Tələbələrin ünvanladığı ərizə və məktublar operativ araşdırılaraq cavablandırılır. Sadaladığımız vasitələrin heç birindən rektora tələbələr adından bu mövzuda müraciət daxil olmayıb, tələbələrlə heç bir görüş olmayıb.
Yazıda verilən “Lakin buna baxmayaraq Bakı Dövlət Universitetinin (BDU) rektoru, "Mən belə qanun tanımıram" deyərək, 71-100 bal arası toplayan tələbələrin heç birinə (?) təqaüd vermədi” iddiası hansı məntiqlə izah oluna bilər.
Əlavə olaraq bildiririk ki, Bakı Dövlət Universitetində təqaüdlərin hesablanması və ödənilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi haqqında Qərarı”na və ona edilmiş dəyişikliklərə əsasən tənzimlənir.
“Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nörməli Qərarı ilə bir sıra qərarlara dəyişiklik edilmişdir. Qərara əsasən “Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.” Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələrinə göndərdiyi 2020-ci il 20 may tarixli məktubuna əsasən yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilmişdir.
Nəzərinizə çatdırırıq ki, Bakı Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə uyğun olaraq I-III kurslar üzrə ümumilikdə 8500-dən çox tələbə təqaüd almaq hüququ qazanmışdır. Bunlardan 3074 əlaçı, 4127 həvəsləndirici, 1466 tələbə isə adi təqaüd alacaq. Müqayisə üçün qeyd edək ki, 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə 7600-dan çox tələbə təqaüd almaq hüququ qazanmışdır, onlardan 457 tələbə əlaçı, 2556-ı həvəsləndirici, 4625-i isə adi təqaüd almışdır.
Bir daha bütün kütləvi informasiya vasitələrindən xahiş edirik ki, BDU haqqında verilən informasiyaların doğruluğunu əvvəlcə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirsinlər. Sensasiya xatirinə ölkənin ən böyük ali təhsil müəssisəsi haqqında əsassız, dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən informasiyalar yaymasınlar. Biz hər zaman sizin suallarınızı cavablandırmağa hazırıq. Mətbuatda yer alan qərəzli, dəqiqləşdirilməmiş yazılar Azərbaycan təhsilinə, yeniləşən tədris və təlim-tərbiyə prosesinin inkişafına xidmət etmir.
Bakı Dövlət Universiteti, İctimaiyyətlə
əlaqələr və informasiya şöbəsini