Prezidentdən məmurlara ciddi xəbərdarlıq

3-02-2021, 17:29           
Prezidentdən məmurlara ciddi xəbərdarlıq
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibəsində ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlar, Azərbaycanın neomüstəmləkəçiliyə qarşı mübarizədə rolu, erməni faşızminin fəsadları, azad edilən torpaqlarla bağlı nəzərdə tutulan hədəflər, Qarabağın incisi Şuşa şəhərinin bərpası ilə bağlı məsələlərə toxundu, həmçinin bir sıra yüksək vəzifə tutan məmurların qarşısında bir sira tələblər qoydu.
Hər bir ölkənin bütün sahələr üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizin dayanıqlı inkişafının təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. Dövlətimizin başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri, nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, bunu dövlət idarəçiliyində olan hər kəsdən tələb edir.
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib. Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, Abşeron rayonunda “Xırdalan” yarımstansiyasının və Abşeron rayonunda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı vətəndaş məmnunluğunun artırılmasının, ən əsası dövlətin daim vətəndaşının rahatlığını düşündüyünü nümayiş etdirir. Prezident İlham Əliyev daim bildirir ki, vətəndaşlar nə zaman görülən işlərdən razı olacaqlar, onda mən də razı qalacağam.
Azərbaycan Televiziyasına müsahibəsində də cənab Prezidentin bir çox məqamlara işıq salınmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin insanların rahatlığını tam təmin edəcək şəkildə həyata keçirilməsi ilə bağlı səsləndirilən fikirlər Prezidentimizin hər bir vətəndaşının yanında olmaqla yanaşı, müstəqil Azərbaycanımızı daha güclü, qüdrətli dünyaya təqdim etməkdir.
Müsahibədə məmurların xoşagəlməz hərəkətlərindən, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada rəhbərlik etdikləri qurumların filiallarının açılması müraciətlərinə münasibət bildirən dövlətimizin başçısı İlham Əliyev «Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!» sərt çağırışı ilə onların qarşısında öz məsuliyyətlərini dərk etmələri tələbini qoydu: «Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun». Ölkə başçısı bərpa işləri ilə bağlı görüləcək işlərə ictimai nəzarətin gücləndirilməsinin vacibliyini bildirdi: «Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək».
Prezident İlham Əliyev daim çıxışlarında xoşagəlməz halların mövcudluğundan bəhs edərək bəyan edir ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcək.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkə Prezidentinin ictimaiyyət nümayəndələri ilə hər görüşünə diqqət yetirdikcə onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhval-ruhiyyə yaratdığını görürük. Hər zaman bu tezis irəli sürülür ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirdikcə böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Təbii ki, atılan bu addımlar insan amilinə xidmətdən irəli gəlir.
“Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Xalqımız tam əmindir ki, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər yüksək səviyyədə reallaşacaq.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Whatsappla göndər












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.