Üçtərəfli bəyanata qarşı çıxmaq Ermənistanın növbəti faciəsi olar

4-03-2021, 09:12           
Üçtərəfli bəyanata qarşı çıxmaq Ermənistanın növbəti faciəsi olar
Fevralın 26-da Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf edən bir gündə mətbuat konfransı keçirərən Prezident İlham Əliyev növbəti dəfə yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək dünyanın 35 media qurumunun 50-dək sualını 4 saatdan çox müddətdə 4 dildə cavablandıraraq dünyanın diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Bu mətbuat konfransında dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin şahidi oldu.
Otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan 44 günlük müharibədə minlərlə itki verərək darmadağın edildi. Bu, Ermənistanın yaxın 100 ildə ən böyük məğlubiyyəti kimi tarixə düşdü. Buna baxmayaraq, bu gün də Ermənistanda köhnə iqtidar klanlarına, hərbi xuntaya məxsus bəzi siyasi qüvvələr revanş niyyətindədirlər. Daha doğrusu, Ermənistanda məğlubiyyətlə razılaşa bilməyən işğal və terror xislətli dairələr ölkənin imza atdığı kapitulyasiyaya qarşı çıxır, Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar. Şübhəsiz, onların hakimiyyət uğrunda mübarizələrinin təməlində də revanş məqsədi dayanır. Sadə ermənilər tərəfindən rəğbətlə qarşılanmayan və Ermənistanı ağır duruma gətirib çıxaran Robert Koçaryan-Serj Sarkisyan cütlüyünün və onların tör-töküntülərinin baş nazir Nikol Paşinyanın istefası tələblərinə qoşulan bir qrup hərbçini dəstəkləmələri də bunu bir daha sübut edir.
Şübhəsiz, onların belə açıqlamaları, belə niyyətləri gülüş doğurur. Çünki Vətən müharibəsində ordusu tar-mar edilən, hazırda böhran içində çabalayan bir ölkənin “siyasilər”inin revanş sözünü dillərinə gətirmələri başa düşülən deyil. Ona görə də onların həmin çağırışlarını yalnız xam xəyal kimi yozmaq olar.
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha bu məsələyə toxunaraq bildirmişdir ki, Ermənistanda siyasətçilər hər zaman hakimiyyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə üzləşəndə onlar bunun əziyyətini çəkiblər.
“10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir” deyən dövlətimizin başçının fikrincə, bölgədə quruculuq işləri, bir sözlə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Onlar anlamalıdırlar ki, biz heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır: “Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.” Bununla da Azərbaycan Prezidenti Ermənistanda revanşizm fikrinə düşənlərə bir daha öz açıq mesajlarını vermişdir.
Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi erməni vəhşilərindən təmizləməklə, erməni ordusunu, erməni faşizmini məhv etməklə öz tarixi missiyasını yerinə yetirdi və sözün həqiqi mənasında Ermənistanın dərsini verdi. Mütəxəssislərin fikrincə, əgər erməni faşizmi bir daha baş qaldırsa Ermənistanın bir dövlət kimi varlığına son qoyula bilər. Unutmasınlar ki, Vətən müharibəsində düşmənə qan udduran Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir və bu missiyanı da yerinə yetirməyə qadirdir.
Bu gün ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində faşist xislətli revanşistlərin çağırışları bütün hallarda havada qalacaq və heç bir qüvvə bizi bundan sonra azad etdiyimiz torpaqlardan tərpədə bilməyəcək.


Metin Hüseynov - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.