Müzəffər Ordunun rəşadəti Metin Hüseynov yazır...

5-03-2021, 17:11           
Müzəffər Ordunun rəşadəti
Prezident İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında geniş əhatə edilən mövzulardan biri 44 günlük Qarabağ savaşında Azərbaycan Ordusunun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlməsi, Azərbaycan əsgərinin şücaəti, döyüşdə qazanılan təcrübə və digər məsələlər olmuşdur.
«Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi.» Prezident, Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordumuz haqqında söylədikləri Vətən müharibəsində təsdiqləndi. Dünyanın ən güclü orduları arasında yer alan Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər.
Müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərildi. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi, ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş təcrübəsidir.
44 gün ərzində ərazilərin azad olunmasında və əldə olunmuş Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. Qoşunlarımız vahid komandanlıq altında öz vəzifələrini ləyaqətlə yerinə yetirmiş, cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynamışlar.
Bu savaş günlərində pilotsuz uçuş aparatlarının rolunu xüsusi qeyd etmək lazımdır. Döyüşlər zamanı bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Bu aparatların döyüşlərdə geniş tətbiqi düşmənin canlı qüvvə və texnikasına ağır zərbələr vürdu, ordumuzun əsgər və zabitlərini itkilərdən qorudu.
İkinci Qarabağ savaşında zəfərin müəllif Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Torpaqlarımızı düşmən əsarətindən öz gücü, bacarığı ilə azad edən əsgərlərimiz düşməni diz çökməyə məcbur etdi, Ermənistan rüsvayçı təslimçilik aktını imzaladı.
Bu uğurlar son illərdə ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. Bu qələbə həm də Azərbaycan –Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı. 44 gün davam edən müharibədə xalqımıza mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə əsrlərdən bəri qorunub saxlanılan qardaşlığa sadiq qaldı. Azərbaycan Ordusunun NATO standartlarına uyğun hazırlanmasında da bu qardaşlığın böyük rolu, dəstəyi olmuşdur.
44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edən Azərbaycan əsgəri bu amalla vuruşurdu ki, işğala, haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Azərbaycan öz gücü ilə buna nail oldu. Aldığı dərsdən nəticə çıxarmayan ermənilərin «gözlənilən müharibə» ilə bağlı isterikalarına cavab qüdrətli Azərbaycan Ordusunun gücü, Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və bu sözləridir: «Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışırlar. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın.»

Metin Hüseynov - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.