Rəsmi İrəvanın vandalizm siyasəti

19-03-2021, 09:14           
Rəsmi İrəvanın vandalizm siyasəti
Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi dərindən sarstdı. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.
Cənab Prezident işğaldan azad olunmuş rayonlarımızda hər səfərində beynəlxalq aləmə erməni vəhşiliyini, vandalizimini açıq surətdə nümayiş etdirib. Bu baxımdan dünya ictimaiyyətinə erməni barbarlığının açıq şəkildə çatdırılması üçün səfərlərin xüsusi əhəmiyyəti var. Bütün dünya görməldir ki, erməni barbarları işğal müddətində Azərbaycan torpaqlarında hansı vəhşiliklərə əl atıb. Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün ərazini dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə törətdiklərinə görə ermənilərin cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini xüsusi vurğuladı.
Ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Mədəniyyət Nazirliyinin açıqladığı faktlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.
O cümlədən Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminə məruz qalıb.
Müqəddəs məkanlarımızdan, o cümlədən Zəngilandakı məsciddən tövlə kimi istifadə etməklə ermənilər bütün müsəlman, islam dünyasının dini heysiyyətinə toxunaraq bir daha azğınlaşdıqlarını göstərdilər. Bu, vandalizm aktlarına indi tək Azərbaycan dövləti yox, beynəlxalq təşkilatlar tərəfindən də qiymət verilməlidir. Belə mənfur əməllər lazımınca pislənməli və ciddi hüquqi ölçü götürülməlidir.
Əlbəttə, bütün bu dağıntılar məqsədli şəkildə edilib. Bu mənfur millət Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədini güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar.
Müharibədən dörd ay keçməsinə baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. 15 mart tarixində Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Füzulidən Şuşaya yol çəkilir,eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. İnşa ediləcək və uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.

Aysel Mənsimova – YAP üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.