Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Terefe verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub. Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.