Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir

30-11-2021, 08:48           
Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən  yüksək qiymətləndirilir
44 günlük Vətən müharibəsi ilə öz ərazisinin işğalına və Ermənistanın işğalçı siyasətinə son qoyan, kapitulyasiya aktı imzalatdıran Azərbaycan hərbi qələbəsini diplomatik qələbəyə və siyasi kapitala çevirməyə uğurla davam edir. Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda Prezident İlham Əliyevin də qatıldığı İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı növbəti mühüm və yadda qalan hadisə sayıla bilər.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını qeyd edib. Bildirilib ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.

COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan dünyada haqlı olaraq, artıq nümunəvi dövlətlərdən biri kimi tanınır. Ölkəmiz bu bəla ilə nəinki sırf öz resursları hesabına uğurla mübarizə aparır, Prezidentin Aşqabad çıxışında vurğuladığı kimi, onlarla ölkəyə maddi yardım edib.

Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır.

Prezident İlham Əliyev Aşqabaddakı çıxışında həmçinin erməni işğalı altında olmuş ərazilərdə bütün şəhər və kəndlərimizin, mədəni-dini irs abidələrimizin Ermənistan tərəfindən yerlə-yeksan edilməsini, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlərin dağıdılmasını, orada donuz və inək saxlanmasını, qəbiristanlıqları görünməmiş vandalizmə məruz qoyulmasını bir daha yada salaraq, ərazilərimizin işğaldan azad olunmasından sonra bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlandığını sammit iştirakçılarının diqqətinə çatdırmışdır. Toplantıda Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyi bildirilib. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Aynur Xəlilova – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.