Ad günün kutlu olsun dostum!!

30-05-2022, 08:03           
Ad günün kutlu olsun dostum!!
Bəlkə də ad gününün belə ictimailəşdirilməsi özünün ürəyincə olmayacaq.
Yəqin ki, olmayacaq...
Mətbuatda ictimai xadimlərin, artistin, yazıçının ad günü qeyd olunar,- deyə.
Amma bu qaydanı kim qoyub?
Kim müəyyən edib?
Əgər kimsə əsas fəaliyyəti ilə yanaşı həm də xeyriyyəçiliklə məşğul olursa, çətinə düşənlərə əl tutursa, onun adı və ad günü niyə ictimailəşməsin?
İş adamı olsa da...
Kiçik yaşlarından idmana maraq göstərib. Əvvəlcə sərbəst güləş, sonralar cüdo məşqlərinə gedib. Orta məktəbi cüdo üzrə ustalığa namizəd idman dərəcəsi ilə bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.
Cüdo sahəsində kifayət qədər böyük uğurlar qazanıb. Müxtəlif yarışların qalibi olub. Və cüdoya bu sevgi onu “Judo Club 2012” idman klubu yaratmağa həvəsləndirib.
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibidir. İndi peşəkar idmandan uzaqlaşsa da, veteran kimi yarışlardan, görüşlərdən geri qalmır.
Özünü biznes sahəsində də gənclik illərindən sınamağa başlayıb. Sonralar fəaliyyətini Qazaxstanda davam etdirib. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri zamanı azərbaycanlı iş adamlarına çağırışı, onları öz vətənlərinə investisiya qoymağa səsləməsi onun nəinki biznes fəaliyyətində, həm də həyatında dönüş yaradıb. Vətənə qayıdıb, dövlət başçısının sahibkarlığın inkişafına göstərdiyi dəstəkdən ruhlanaraq, tikinti sektorunda çalışıb. Gördüyü işlərin keyfiyyəti ilə sayılıb, seçilib. Və bundan sonra dövlət sifarişlərinin icrasında iştirak etməyə dəvət olunub.
İndi məşhur bir şirkətin həmtəsisçisidir.
Bütün bunlar onun fəaliyyət sahəsinin yığcam, çox qısa icmalıdır.
Və bəlkə də bir çox iş adamlarının fəaliyyətinə bənzəri var. Amma onu əksər iş adamlarından fərqləndirən cəhətlər də az deyil.
Vətənpərvərdir. Beynəlxalq yarışlarda bunu dəfələrlə sübut edib. Azərbaycanın bayrağını qürurla ucaltmaqla...
Ona görə də dünyanın harasında, hansı yerində olsa, orda onun özü ilə apardığı böyük bir Azərbaycan var. Oturuşu-duruşu ilə, görüşlrdə Azərbaycan barədə etdiyi söhbətlərlə...
Çünki Azərbaycanı yaxşı tanıyır. Tariximizə, tarixi şəxsiyyətlərimizə, dinimizə, adət və ənənələrimizə özünəməxsus sevgi, fərdi baxış nümayiş etdirir. Görünür, bütün bu keyfiyyətlərin formalaşmasında mütaliəni sevməsi də xüsusi rol oynayır...
O, həm də xeyriyyəçiliklə məşğul olur. Və bu məsələdə diqqəti daha çox gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yöndəldir. Onları idmana həvəsləndirir, Vətənin müdafiəsinə daim hazır olmağa çağırır.
Qarabağ uğrunda şəhid olanların xatirəsinə keçirilən tədbirlərə, Qarabağ qazilərinin ptoblemlərinin həllinə dəstəyini heç vaxt əsirgəmir. Şəhid ailələrinə, aztəminatlı insanlara yardım etməkdən usanmır.
İdmançılara, mədəniyyət və ədəbiyyat adamlarına dəstək verməkdən zövq alır. Bunu özünün vətəndaşlıq borcu hesab edir. Amma bütün bunlar barədə danışmağı xoşlamır. Məşhur “sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamına sadiq qalaraq...
Bütün bunlarla yanaşı ideal insan deyil. Biz də onu ideallaşdırmaq fikrindən uzağıq. Çoxtərəfli fəaliyyətində bəzən münaqişəli situasiyalara düşür, kimlərəsə nələrisə izah etməyə məcbur olur. Hətta bəzən, hamımız kimi, əsəbiləşir, özündən çıxır...
Neyləmək olar? Həyat belədir. Enişli-yoxuşlu, ağrılı-acılı. Bəzən münaqişəsiz də keçinmək olmur.
Sadaladığımız və indi yada düşməyən bütün bu keyfiyyətləri onun ad gününün yada salınmasını, ictimailəşdirilməsini haqq edir!
Özü bunu istəməsə də...
Amma biz istəyirik.
Və deyirik: Ad günün mübarək, Azər Əsgərov!
Hörmətlə,
Səni belə tanıyan dostların!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.