“TEKNOFEST” festivalı Azərbaycan və Türkiyə qardaşlığını bir daha göstərdi

30-05-2022, 15:27           
“TEKNOFEST” festivalı Azərbaycan və Türkiyə qardaşlığını  bir daha göstərdi
May ayının 28-də paytaxtımız Bakı şəhərində növbəti beynəlxalq tədbir - “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı keçirildi. İlk dəfə olaraq ölkəmizdə təşkil olunan bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı Selçuk Bayraktar da iştirak ediblər
İki dost, qardaş, müttəfiq ölkə olan Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Bu gün ölkələrimiz arasında müttəfiqlik özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Ölkələrimiz daim yeniliyə, müasirliyə meyil göstərərək hər bir yeni təcrübənin tətbiqi fonunda dayanıqlı inkişafları ilə diqqətdə olur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq. Bütün dünya bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq.
2020-ci ilin 27 sentyabr tarixindən bugünədək iki qardaş ölkənin bir-birinə dəstəklərinə nəzər yetirmək kifayətdir. Hər bir önəmli hadisədə bir-birinin yanında olan Azərbaycan və Türkiyə liderləri bu reallığı bir daha dünyaya nümayiş etdirirlər ki, siyasətdə əbədi dostluq, qardaşlıq amilləri mövcuddur və bu faktor regionda, dünyada, ölkələr arasında etimad mühitinin formalaşmasında əsas rol oynayır. Dünya siyasətindən fərqli olaraq Azərbaycan və Türkiyə nümunəsi bir daha sübut edir ki, siyasətdə əbədi maraqlar hər zaman olmaya bilər, əbədi dostlar isə həmişə var.

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.