“TEKNOFEST Azərbaycan” yaddaşlara həkk olundu

31-05-2022, 11:53           
“TEKNOFEST Azərbaycan” yaddaşlara həkk olundu
28 May - Azərbaycanın dövlət müstəqilliyinin qeyd edildiyi gün Bakıda Azərbaycan və Türkiyə respublikalarının dövlət rəhbərləri, bir çox dövlət rəsmilərinin iştirakı ilə möhtəşəm “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı keçirildi. Bütün dünya üçün son dərəcə cəlbedici olan növbəti “TEKNOFEST” festivalının məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Çünki bundan əvvəl bir qıra beynəlxalq tədbirlər, dünya səviyyəli idman yarışları, intellektual forumların keçirilməsi zamanı qazanılan təcrübə buna əsas verirdi.
Müasir elm və tərəqqinin ən son nümunələrinin nümayiş etdirildiyi platforma olan “TEKNOFEST”in beynəlxalq ictimaiyyət üçün çox cəlbedicidir. Bu festival müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən sərgi bu festivalın özü qədər əzəmətli və faydalı olub. Azərbaycanın qocaman elm və təhsil müəssisələrinin, ayrı-ayrı dövlət qurumlarının bu tədbirə hazırlıq səviyyəsi festival çərçivəsində həyata keçirilən müsabiqələrdə özünü göstərdi.
Prezident İlham Əliyevin festivaldakı çıxışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı, dünyaşıhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncəri və “TEKNOFEST”in təşkilatçısı Selçuk Bayraktarı salamlayaraq onlara festivalda və onun təşkilində iştirakına görə minnətdarlığını bildirdi.
TEKNOFEST müasir elm və mədəniyyət forumudur. Burada nümayiş etdirilən müasir uçan aparatlar məhz elmin gücü və qüdrəti ilə hava məkanında məharətlərini göstərir. Həmçinin, bu sahədə qazanılan istənilən uğur və nailiyyət müasir həyatda yeni-yeni mədəniyyət nümunələri ortaya çıxararaq, bütövlükdə kulturologiya səltənəti formalaşdırır.
TEKNOFEST-in iştirakçıları əsasən yeniyetmə və gənclərdir. Təbii ki, burada uşaqların maraqlarının da böyük olduğunu nəzərə almaq lazımdır. Hansı ki, zamanın hökmü ilə yeniyetmə və gənclər sürətlə yerlərini həmin uşaqlara verirlər. TEKNOFEST-in faydalı iştirakçısı olmaq, gələcək həyatını bu formul üzərində qurmağı arzu edən yeniyetmə və gənclər, ilk növbədə, dəqiq elmlərin sirlərinə yiyələnməlidirlər.
Keçirilən festival çərçivəsində yaxın gələcəkdə Azərbaycan və Türkiyənin ortaq texnopark təsis etməsinə dair mühüm çağırışlar eşidildi. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanmaqla artıq bu sahədə ilk addım atılıb.
Azərbaycanın son illər beynəlxalq tədbirlərin fəal təşkilatçısına çevrilməklə müasir dünyanın ayrılmaz tərkib hissəsi kimi həm beynəlxalq təcrübəni məharətlə mənimsəyir, həm də öz standartlarını təbliğ edir. Ölkə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında milli Azərbaycan standartları anlayışının təqdim olunması mühüm amildir. Bu vaxtda qədər Bakını müasir dünyanın yeni fikir və düşüncə mərkəzi olduğunu bildirən ekspertlər “TEKNOFEST Azərbaycan” çərçivəsində qazanılan uğurlar sayəsində Azərbaycanı elm və texnologiyaların nümayiş məkanı olduğunu ifadə etməyə başlayıblar.


Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.