Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir

29-06-2022, 09:58           
Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir
İyunun 26-da Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun (WUF) “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası işə başlayıb. Ölkə başçısı cənab İlham Əliyev videoformatda bu tədbirə qatılıb.
BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası iyunun 30-dək davam edəcək.
Qeyd edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb.
UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir.
Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur. Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi edib.
Beləliklə, aydın olur ki, Azərbaycanın bu qurumla əməkdaşlığı işğaldan azad olunan ərazilərin bərpasına müasir səviyyəli mütəxəssislərin cəlbi, ərazilərdə məskunlaşma zamanı müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatdakı çıxışında xüsusi qeyd edib. Bildirib ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimiziistiqamətləndirir. Azərbaycan hökuməti ölkədə urbanizasiya problemini həll etmək, böyük şəhərlərdə əhalinin rahat yaşam şərtlərini təmin etmək üçün mühüm işlər görüb. Xüsusilə ən böyük şəhər, həm də paytaxt olan Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub: “Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir”.
Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində yaşayış məskənlərinin bərpası kimi çox böyük və əsaslı bir prosesi həyata keçirir. Bu zaman əsas diqqət azad olunan ərazilərdə şəhərlərin ən müasir texnologiyalar əsasında salınması, ərazinin tamamilə yaşıl enerji ilə təmin olunması kimi istiqamətlərə yönəldir: “Prezident xüsusi vurğulayıb ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir: “Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib”.

Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.