Ölkədə ordu quruculuğu ilə bağlı tədbirlər planlı şəkildə davam edir

29-06-2022, 12:20           
Ölkədə ordu quruculuğu ilə bağlı tədbirlər planlı şəkildə davam edir
Varlığımızın, müstəqilliyimizin qarantı, sərhədlərimizin qoruyucusu, ölkədə sabitliyin təminatçısı kimi şərəfli, müqəddəs peşə sahiblərinin bayramı olan Silahlı Qüvvələr Günü hər il respublikamızda təntənə ilə qeyd olunur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həqiqi mənada dünyada sayılıb-seçilən ordulardan olduğunu rəşadəti, hərbi hazırlığı, döyüş təcrübəsi ilə təsdiqləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, ən müasir hərbi avadanlıq və texnika ilə təmin olunmuş Silahlı Qüvvələrimizin əsgər və zabitləri XXI əsrin müharibə tarixini yazdılar. Vətən müharibəsində qazanılan Zəfərdən sonra ənənəyə uyğun keçirilən Silahlı Qüvvələr Günü daha izdihamla, xalq-ordu birliyinin təntənəsi kimi qeyd olunur. Builki Silahlı Qüvvələr Günü əlamətdar hadisə ilə də yaddaşlarda qaldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev həmin gün Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.
İlk dəfə ötən il dekabrın 24-də Hadrutda həyata vəsiqə alan, ordu quruculuğunda yenilik olan Komando Briqadalarının sonrakı illərdə də yaradılacağını bildirən Ali Baş Komandan İlham Əliyevin bu vədi də də reallaşdı. Bu günlərdə Kəlbəcərə səfəri zamanı yeni komando qüvvələrinin hərbi hissəsinin açılması onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə davam edir, komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər, qarşıda duran bütün vəzifələri yerinə yetirmək, sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Əsgər və zabitlərlə görüşlərində Prezident, Ali Baş Komandan İlham Əliyev hər dəfə vurğulayırdı ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı haqq-ədaləti öz gücü ilə bərpa edərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Güclənən maliyyə imkanları hesabına Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika, avadanlıqlarla təmin edilməsi iqtisadi müstəqilliyimizin, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin hazırlığına göstərdiyi diqqətin, xalq–ordu birliyinin, gənclərimizdə daim yüksək olan vətənpərvərlik ruhunun nəticəsidir.
Artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə sülh danışıqlarına sadiq qalan Azərbaycan heç vaxt müharibə tərəfdarı olmamışdır. Xalqımızın yeganə məqsədi, istəyi torpaqlarımızın qeyd–şərtsiz öz sahiblərinə qaytarılması, qaçqınların və məcburi köçkünlərin doğma yerlərinə dönməsi idi. 44 gün davam edən Vətən müharibəsini Qələbə ilə başa çatdıran, bölgədə yeni reallıqlar yaradan Azərbaycan istəyinə nail oldu, haqqı-ədaləti öz gücünə bərpa etdi. Hazırda erməniləri dəstəkləyən qüvvələr belə artıq postmüharibə dövrünün reallıqlarını qəbul edir, Azərbaycanla razılaşırlar.
Ordu quruculuğunda islahatların davam etdirilməsində məqsəd dünyaya Azərbaycanın qüdrətli dövlət kimi, güclü orduya malik olmasını çatdırmaqdır. Açılışında iştirak etdiyi yeni hərbi hissədəki çıxışında Prezident İlham Əliyev ordu quruculuğu ilə bağlı tədbirlərin planlı şəkildə davam etdirildiyni, Laçında və azad edilmiş digər rayonlarda eyni təyinatlı hərbi hissələrin yaradılacağını bildirmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyəti sayəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bərpa –quruculuq işləri davam etdirilir. İnfrastruktur, elektrik, su təchizatı yenilənir. Bu işlər sürətlə davam edir.

Bəhrəm Atakişiyev - ehtiyatda olan polkovnik,
müharibə veteranı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.