Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır

16-09-2022, 08:28           
Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır
Konstruktiv siyasət yürütməyi rəhbər tutan dövlətimiz tarixi qələbə qazanan tərəf kimi Ermənistana sülh çağırışı edərək, regional aktorları da özündə ehtiva edən əməkdaşlıq platformasının qurulması təşəbbüsünü irəli sürdü. Azərbaycan kimi yalnız qurucu əməllərə sadiq olan bir dövlət və xalq ermənilərin əsrlərlə azərbaycanlılara qarşı törətmiş olduqları soyqırımları fonunda belə tarixi və nümunəvi addım ata bilərdi. Buna baxmayaraq, ermənilər yenə də öz xislətlərindən əl çəkmir, revanşist şüarlar səsləndirir, sərhəddə təxribatlar törədir, tarixi ədavətin və düşmənçiliyin davam etdirilməsində maraqlı olduqlarını göstərirlər.
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir
Baş verən məsələləri aydın dəyərləndirməyi bacaran dövlət başçımız cənab İlham Əliyev Azərbaycan xalqına hər zaman açıq mesaj verir ki, biz necə bir düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq. Bu baxımdan da hər bir inkişaf ssenarisinə hazır olaraq, “dəmir yumruğumuzu” bərk saxlamalı, lazım olan məqamda düşmənin başına endirməliyik.
Müharibədən çıxmış ölkə olmağımıza baxmayaraq, işğaldan azad olunmuş torpaqlarımızı öz hesabımıza, daxili resurslarımızla dirçəldir, soydaşlarımızı qısa zaman çərçivəsində öz doğma yurd-yuvalarına yerləşdirmək istiqamətində əməli addımlar atırıq. Düşmən isə mənfur xislətindən əl çəkmir, hətta özünə xeyir və fayda gətirəcək əməkdaşlıq platformalarına maksimum mane olmağa çalışır. Sözsüz ki, Ermənistanın illər ərzində cəzasızlıq sindromundan rəvac alması indi də davam edir. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatda erməni silahlı qruplaşmalarının ərazilərimizdən çıxardılması Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel olmalı idi. Buna isə bu günə qədər əməl olunmur. Bu, azmış kimi, sülhməramlıların neytrallıq prinsipinə və mandatına zidd olaraq, erməni təəssübkeşliyi qanunsuz erməni silahlı dəstələrinin sərhəddə təxribatlar törətməsinə gətirib çıxarır, Azərbaycan tərəfi şəhid verir, regional layihələrin icrası gecikir, sülh müqaviləsini isə sabotaj etməklə məşğul olunur.
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır.
Azərbaycan dəfələrlə baş verən məsələlər barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırıb. İndi isə öz suveren ərzailərində antiterror əməliyyatı həyata keçirir. Bunu Ermənistan da, ona havadarlıq edən bütün qüvvələr də bilməlidir. Rəşadətli ordumuz bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir.
Xalqımız müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, “dəmir yumruğ”umuz yerindədir. Odur ki, dövlətimizə qarşı daxildən və xaricdən təzyiq etməklə, hər hansı təzyiq və təhdidlə qətiyyətimizi qırmaq, birliyimizi sarsıtmaq, əmin-amanlığımızı pozmaq mümkün olmayacaq.

Aysel Mənsimova - politoloq




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.