Dünya azərbaycanlılarını birləşdirən Ulu Öndər Heydər Əliyev

26-12-2022, 09:08           
Dünya azərbaycanlılarını birləşdirən Ulu Öndər Heydər Əliyev
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Azərbaycan Respublikası dünyada yaşayan azərbaycanlıların əlaqəsinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə paytaxtımız Bakıda 2001-ci il noyabrın 9-u və 10-da Dünya Azərbaycanlılarının I Qurultayı, 2006-cı il martın 16-da II Qurultayı, 2011-ci il iyulun 5-i və 6-da III Qurultayı, 2016-cı il iyulun 3-4 də IV Qurultayı keçirildi. Bu Qurultaylar bir daha dünya azərbaycanlılarının birlik və həmrəyliyini sübutu oldu.
Ulu Öndərin milli həmrəylik sahəsində siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin ilin martın 16-da Bakıda keçirilən növbəti Qurultay xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəsdək Fondu yaradıldı.
Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Aysel Mənsimova - politoloq
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.