Türkiyə-Azərbaycan müttəfiqliyi, dostluğu günbəgün möhkəmlənir
15-06-2023, 15:48
Türkiyə Respublikasının Prezidenti seçildikdən sonra Rəcəb Tayyib Ərdoğanın ilk olaraq dövlət səfəri ilə Azərbaycana gəlməsi iki ölkə arasındakı dostluq və qardaşlıq bağlarının möhkəm olmasını nümayiş etdirməklə yanaşı, həm də rəsmi Ankaranın qlobal siyasi proseslərdə fəal rol oynadığını da göstərir.
İndiki məqamda Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın işğalı altında qalan torpaqlarını azad edərək regionda yeni siyasi reallıqlar yaratdı. Bütün beynəlxalq təşkilatlar çox yaxşı başa düşürlər ki, Azərbaycan heç bir beynəlxalq hüququ pozmadan ərazi bütövlüyünü bərpa edib. Lakin geosiyasi maraqlar Qərbin bəzi siyasi dairələrinə həqiqəti etiraf etməyə imkan vermir. Bu qüvvələr Ermənistanı dəstəkləməkdə davam edirlər. Belə bir məqamda Türkiyənin Azərbaycanın yanında olması onu deməyə əsas verir ki, həmin qüvvələr Ermənistanı dəstəkləsələr də, heç bir real addım ata bilməyəcəklər. Çünki Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə bəyan etdi ki, Türkiyə həm siyasi, həm də hərbi sahədə Azərbaycanın yanında yer alacaq. Əslində Şuşa bəyannaməsinin imzalanması ilə Türkiyə dünya birliyinə Azərbaycanın arxasında olacağını çatdırmışdı.
Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuat qarşısında birgə bəyanatla çıxış etmələri və bu bəyanatda toxunduqları məsələlər, iki ölkənin yalnız siyasi və hərbi deyil, eyni zamanda nəqliyyat-tranzit, təhsil, mədəniyyət və başqa sahələrdə də əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyini deməyə əsas verir.
Azərbaycan Türkiyəyə 20 milyard dollar həcmində sərmayə yatırıb və iqtisadiyyatının enerji sektorunda aparıcı rola malikdir. Bundan başqa, Azərbaycan qazı Trans Anadolu və Trans Adriatik qaz kəmərləri vasitəsi ilə Avropaya ixrac olunur. Cari ildə Azərbaycan Türkiyə vasitəsi ilə Avropaya 12 milyard kubmetr qaz nəql edəcək. Hər iki dövlət Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin reallaşmasıdır. Türkiyə bu beynəlxalq layihəyə həm siyasi, həm də sərmayə baxımından dəstək verməyə hazırdır. Bu nəqliyyat yolunun həyata vəsiqə alması regionun bütün dövlətləri üçün faydalıdır və buna Avropa da dəstək verir. Baxmayaraq ki, bu nəqliyyat və tranzit layihəsi Ermənistan üçün də faydalıdır. Rəsmi Yerevan buna maneə olmağa çalışır. Bu fakt isə onu deməyə əsas verir ki, Ermənistan müstəqil siyasət apara bilmir və regionda geosiyasi maraqları olan qüvvələrin alətinə çevrilib. Burada da Türkiyə əhəmiyyətli siyasi aktor kimi həmin qüvvələrin qarşısını almaq iqtidarındadır. Birgə bəyanatda Rəcəb Tayyib Ərdoğan təsadüfən bu məsələyə toxunmadı. Türkiyə öz nüfuzu və iqtisadi inkişafı ilə destruktiv qüvvələri neytrallaşdırmaq imkanına malikdir.
Bütün bunlara hər iki ölkənin dövlət başçılarının şəxsi dostluq əlaqələri sahəsində nail olunub. Siyasi təcrübə göstərir ki, dövlət başçılarının dostluq əlaqələri ölkələr və xalqlar arasındakı dostluğu da stimullaşdırır.
Yaxın perspektivdə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafını və dünya siyasətində baş verən proseslərdə əhəmiyyətli siyasi subyekt kimi fəaliyyət göstərəcəklərini müşahidə edəcəyik.
Türkiyə-Azərbaycan müttəfiqliyi, dostluq və qardaşlığının əsasında səmimiyyət, xalqların sosial rifahının yüksəldilməsi, dövlətlərin inkişaf etdirilməsi amilləri dayanır.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı