Türk dünyası üçün önəmli olan Türkiyə-Azərbaycan birliyi
15-06-2023, 15:50
Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Respublikasının dövlət başçısı seçildikdən sonra Türkiyənin dərin dövlətçilik ənənələrinə sadiq qalaraq ilk səfərlərindən birini Azərbaycana etdi. İki türk liderinin Bakıdakı görüşü Azərbaycanda olduğu kimi Türkiyə ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılandı.
Səfər çərçivəsində keçirilən təkbətək və geniştərkibli görüşlərdə bu gün tək region deyil, dünya dövlətlərinin də maraqla izlədikləri Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatı səsləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, “Biz Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Bu bəyanat yeni siyasi və iqtisadi qütbün konturlarını müəyyənləşdirir. Azərbaycan və Türkiyənin atdığı bu addım dünya dövlətləri üçün regionda yeni enerji və nəqliyyat dəhlizi formalaşdırır. Bəyanatda regionun təhlükəsizliyinə toxunulub. Belə ki, Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, “Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik”.
Türkiyə Prezidentinin bu bəyanatında bu nəticəyə gəlmək olar ki, Ermənistanın sülh sazişini imzalamaqdan, Azərbaycanla sülh içində yaşamaqdan başqa heç bir çıxış yolu yoxdur. Bunu həm Ermənistan, həm də onun havadarları bilməlidir.
Görüşlər zamanı qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Bildirilib ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Iki ölkə arasında Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilib.
İki dövlət arasında ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaqdır. Xüsusilə enerji sahəsində birgə həyata keçirəcək layihələr bunu təmin edəcəkdir. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəlindi ki, bundan sonra da artacaqdır.
Dövlət başçıları Türkiyə-Azərbaycan əməkdaşlığı fonunda digər türkdilli ölkələrdə mesaj göndərdi. Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi ki, Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün önəmlidir, bölgə üçün, Türk dünyası üçün önəmlidir.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru