Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana etməsi dünyaya mesajdır

15-06-2023, 15:53           
Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana etməsi dünyaya mesajdır
Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Respublikasının Prezidenti seçilməsindən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə, sonra isə dost və qardaş Azərbaycana etməsi həm dünyaya, həm də Türk dünyasına əhəmiyyətli mesajdır.
Türkiyədə dövlət ənənəsi olan bu təcrübənin davam etdirilməsi, seçilmiş prezidentlərin ilk xaricə dost və qardaş ölkələrə səfərləri Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda Prezident İlham Əliyevlə görüşü ənənənin kök salması baxımından dərin mənası var. Dünyaya qabaqcıl və nümunəvi qardaşlıq və əməkdaşlıq nümayiş etdirən Türkiyə və Azərbaycanın siyasi, iqtisadi, diplomatik, müdafiə sənayesi, mədəniyyət və digər sahələrdə əməkdaşlıqları inkişaf edir.
Prezident İlham Əliyevin “Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır” ifadəsi iki qardaş ölkənin birlikdə dünya ictimaiyyətinə verdiyi ciddi mesajdır. Qeyd edilməlidir ki, bir müddət əvvəl də Prezident İlham Əliyev Avropa Parlamentində Türkiyə əleyhinə çıxış edənlərə cavab olaraq bildirmişdi ki, “Burada Türkiyə yoxdursa, onun qardaşı Azərbaycan var!”. Hər iki bəyanat qardaş ölkələrin xarici qüvvələrə qarşı birgə mübarizəsini göstərir.
İki dost və qardaş ölkənin prezidntləri mətbuat üçün verdikləri birgə bəyanatda Şuşa Bəyannaməsinin ildönümünün yaxınlaşdığını xatırladaraq bu sənədin böyük əhəmiyyətə malik olduğunu bildirdilər. Qeyd edək ki, Prezident İlham Əliyev səsləndirdiyi fikirdə vurğulayıb ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi də unudulmayan tarixi hadisədir. Mahiyyəti və sözü bir olan bu iki qardaş ölkənin dostluğu, əməkdaşlığı digər türk cümhuriyyətləri ilə münasibətlərdə də örnək olacaq. Bildirilib ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcəkdir. Ölkələrimiz arasında Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il keçirilməsi nəzərdə tutulan 16 birgə hərbi təlimin 6-sı artıq keçirilmişdir. Bu istiqamərdəki işlər davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər. Bu da ölkələrimizin hərbi sahədə əməkdaşlığının genişlənməsində növbəti addımdır.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.