Şuşada dünyaya ədalət dərsi keçildi
24-07-2023, 13:57
İyul ayının 21-də Azərbaycan Milli Mətbuatının yaranmasının 148 illiyi ərəfəsində Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində yerli və xarici media nümayəndələrinin, qlobal geosiyasi proseslərdən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işlərinədək ən müxtəlif istiqamətləri əhatə edən sualları cavablandırdı. Dövlətimizin başçısı sualları cavablandırarkən ölkəmizin yaxın və uzaq strateji hədəflərini nişan verən mühüm məqamlara toxundu, Azərbaycanın regionun və dünyanın gələcəyi ilə bağlı baxış bucağını nümayiş etdirdi, mədəniyyət paytaxtımız Şuşadan dünyaya Azərbaycan xalqının və dövlətinin mesajlarını çatdırdı.
Qeyd edilməlidir ki, dünyada böyük əks-səda doğuran bu Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Dövlətimizin başçısının Forumdakı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının perspektivi ilə bağlı səsləndirdiyi fikirlər mövzu ilə bağlı bu günədək verilən təhlil və izahların ən mükəmməlidir. Xarici media nümayəndələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə bağlı suallarına cavabında Prezident İlham Əliyev artıq hər kəsin Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdiyini vurğuladı və bildirdi ki, Ermənistan ölkəmizə qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonunadək imzalanması kifayət qədər mümkündür. Vurğulandı ki, sülhün olmaması bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın beynəlxalq hüquqa riayət etməsi üçün daha 28 il gözləmək niyyətində deyil. Ermənistana düşünmək və qərar qəbul etmək üçün verilən vaxtın müddəti isə tükənmək üzrədir. Rəsmi İrəvanın yaxın tarixi proseslərdən və geosiyasi reallıqlardan nəticə çıxararaq bu ilin sonunadək qərar qəbul etmək imkanı var. Əgər Ermənistan belə bir qərar verməyəcəksə, o zaman qərarı Azərbaycan verəcək.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan 44 günlük müharibədə qazandığı Zəfərlə bizi 28 il təslimçi sülhə sövq etməyə çalışanların bütün oyunlarını pozan reallıqlar formalaşdırıb. Bu reallıqlar Azərbaycanın qəhrəman əsgər və zabitlərinin canı və qanı, Ali Baş Komandanın iti zəkası və qətiyyəti hesabına yaranıb. Bu gün həm Ermənistan, həm də onun xarici himayəçisi rolunda çıxış etməyə çalışanlar bu reallıqlarla barışmalıdırlar. Bunun alternativini isə yenə də Ali Baş Komandan Şuşadan bütün dünyaya bəyan etdi: “İndi mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq”.
Azərbaycanın postmüharibə dövründə hər şeyi ardıcıllıqla həyata keçirib. Atılan hər addım əvvəlki addımın məntiqi davamı olub. Çünki xalqımızın və dövlətimizin vahid hədəfləri var. Bu hədəflərlə bağlı strateji yol xəritələri, eləcə də bu yol xəritələrinin icrası üçün milli iradə, güc və potensial var. Bu gün Azərbaycan cəmiyyətində gələcəyimizin bütün prioritet istiqamətləri üzrə konsensus var. Ölkəmizdə həm siyasi, həm iqtisadi, həm sosial, bütövlükdə ölkə həyatının bütün sahələri üzrə həmrəylik hökm sürür. Azərbaycan xalqı və dövləti monolitdir. Heç bir qüvvə bu monolitliyi sarsıda bilməz. 28 il ərzində Azərbaycan xalqının iradəsini işğala tabe etdirmək istəyənlər bunu bacarmadılarsa, bundan sonra heç bacarmayacaqlar.
Azərbaycan Prezidentinin Şuşadan səsləndirdiyi fikirlər əsrlər boyu haqsızlığa, ədalətsizliyə, məhrumiyyətlərə, zülmə, istibdada məruz qalan xalqımızın tarix böyü yaddaşında kök salan arzu və istəklərini, mövqeyini ifadə edirdi. Şuşada Prezident İlham Əliyevin – Müzəffər Ali Baş Komandanının, Liderinin dili ilə Azərbaycan xalqı danışırdı və dünyaya ədalət dərsi keçirdi.
Metin Hüseynov – siyasi ekspert