Azərbaycan və Çin arasındakı münasibətlər daha yüksək səviyyəyə qalxacaq - İsrafil Kərimovun yazır
25-07-2023, 08:56
Azərbaycan və Çin arasındakı münasibətlər daha yüksək səviyyəyə qalxacaq
Ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin
“China Media Group” media korporasiyasına geniş müsahibə verib.
Dövlətimizin başçısının bu müsahibəsi iyulun 22-də “China Global
Television Network” televiziya kanalında yayımlanıb və çox maraqla
qarşılanıb.
İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan
dövlət başçısı nəqliyyat məsələlərini xüsusilə qeyd edib. Bildirib ki,
Azərbaycan 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə
qoyuluşuna başlayıb. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri
qurmağa başladıq. Ölkəmiz mühüm tranzit ölkəsi olmaq arzusundadır,
ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. əsas məsələ qonşularla
yaxşı münasibətlərin olmasıdır. Qonşularla əməkdaşlıq olmadan tranzit
ölkəyə çevrilmək mümkün deyildir. Ona görə də bu illər ərzində
Azərbaycanın xarici siyasətinin tərkib hissəsi qonşu ölkələrlə qarşılıqlı
maraq üzərində daha güclü münasibətlər qurmaq idi.
Cənab Prezidentin qeyd etdiyi kimi “Bir kəmər, bir yol” layihəsinə
qoşularkən ölkəmizin artıq hazır infrastrukturu var idi. İndi isə texniki
imkanlar artırılır. Azərbaycan öz ticarət limanını sürətlə genişləndirir, çünki
Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından
problemlər yaradacaq. Bir neçə il əvvəl Ələtdə dəniz ticarət limanı
istifadəyə verilib. Onun yükaşırma qabiliyyəti 15 milyon ton idi və hazırda
isə onun imkanları 25 milyon tona qədər çatdırılır.
Ölkəmizin gəmiqayırma zavodları hazırda Xəzər dənizində daha çox
gəmi istehsal edir. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük
ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük
gəmiləri inşa edirik. Bu gələcəkdə yükdaşımaları artırmağa imkan
verəcəkdir. Hazırda gəmiqayırma zavodunun genişləndirilməsi planlaşdırılır
ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edilsin. Bu gün həm Azərbaycanda, həm
də Xəzər dənizində buna tələbat artmaqdadır.
Hazırda Azərbaycanda qatarların sürətinin artırılması və daha çox
yüklərin nəql edilməsi üçün mövcud dəmir yolu müasirləşdirilir. Böyük yük
axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür.
Bu gün Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır.
Daşınmaların həcminin artırılması məqsədi ilə çinli tərəfdaşlarımız və
qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal iş
aparılır. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək
beynəlxalq standartlara cavab verir. Yükdaşımaların artırılması üçün
tariflərlə bağlı vahid siyasət yaradılır, Gömrük qaydaları sahəsində daha
geniş qarşılıqlı əlaqələndirmə qurulur. Gələcəkdə Azərbaycan və Çin
arasındakı münasibətlər Azərbaycan vasitəsilə daha çox yüklərin
daşınmasında vacib rol oynayacaqdır.
Çinli jurnalist maraqlı faktlarla bölüşdü, bidirdi ki, Çindən Avropaya
göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər
olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir
yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir.
Bunu təsdiqləyən Prezident İlham Əliyev bildirdi ki, “Bu, Azərbaycanın
irəli sürdüyü və Türkiyə ilə Gürcüstandakı tərəfdaşlarımızın fəal dəstəyini
almış yeni daşımalar yoludur, bağlantıdır və infrastrukturdur. 2017-ci ildə
Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə
daşımalar hələ ki, prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım
olduğu qədər yüklərin daşınma həcminə sərmayələr yatırdıq. Biz həmin
yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və
nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq
yüklər daşına biləcək”.
Ölkəmiz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə
yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışır. Azərbaycan
ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə,
Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o
cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə
yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən
daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək.
Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı
olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri
gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.
AZərbaycan dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı
planlaşdırır və sadəcə, tranzit ölkə olmaq istəmir. Geosiyasi baxımdan, bu,
yaxşı haldır, yəni, əlavə gəlir gətirəcəkdir.
Həmçinin Azərbaycanda böyük sənaye zonaları yaradılması nəzərdə
tutulub. Artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonasında istehsalatla
məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Belə bir
fürsəti qaçırmaq olmaz.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü