Azərbaycan güzəştə getməyəcək

1-03-2024, 11:37           
Azərbaycan güzəştə getməyəcək
Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının əsas səbəblərindən biri də bəzi beynəlxalq təşkilatların problemə ədalətsiz yanaşması, ikili standartlardan çıxış etməsi idi. Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bir daha buna diqqət çəkərək ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini bildirdi.
Xüsusilə torpaqlarımızda erməni separatizminə son qoyulmasından sonra erməni lobbisinin təsiri ilə həm Avropa Parlamenti, həm AŞPA və digər qurumlar ölkəmizə qarşı yeni bədnam kampaniyaya başlayıblar. Fransanın Azərbaycana qarşı təxribatı, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borelin Azərbaycanın Ermənistana hücum edəcəyini bəyan etməsi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbulu göstərir ki, Qərb Azərbaycana qarşı total şəkildə təzyiq etməyə çalışır.
Lakin torpaqlarını işğaldan azad etməklə yalnız Ermənistanı deyil, Fransanın və digər Qərb dairələrinin timsalında dünya erməniliyini diz çökdürən Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Azərbaycana qarşı edilən riyakarlıqlara qarşı ölkəmiz qətiyyətli mövqe ortaya qoyur. Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev xəbərdarlığını da edərək bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Qərbin siyasi dairələri arasında elələri də var ki, Azərbaycana qarşı həm işğal, həm də sonrakı dövrdə nəinki ikili standartlardan, ümumiyyətlə, qərəzli və məkrli mövqedən çıxış ediblər və etməkdədirlər. Bu baxımdan Avropa Parlamenti Azərbaycana qarşı münasibətində və mövqeyində hər zaman qərəzli olub. Azərbaycana qarşı nifrət və düşmənçilik dolu qətnamələr qəbul etmək, qarayaxma kampaniyası aparmaq, ölkəmizin uğurlarına ləkə yaxmaq sanki bu təşkilatın əsas təməl prinsipidir.
Avropa Parlamentinin bu günlərdə yenidən qətnamə qəbul edərək Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalara çağırması bir daha AP-nin riyakarlığını ortaya qoydu. İlk dəfə deyil ki, AP Azərbaycana qarşı hansısa bədnam sənəd qəbul edir. Əvvəlkilər kimi bu qətnamə də Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Azərbaycanın hansısa təzyiq qarşısında güzəştə getməsi mümkün deyil. Bu barədə bir nümunə belə göstərmək olmaz. Digər tərəfdən, heç Aİ özü və üzv dövlətlər də sənəddə əks olunan xülyaları qəbul etmirlər. Çünki həmin qətnamədə yer alan çağırışar Aİ-nın prinsiplərinə uyğun deyil.
Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. AP-də də yaxşı bilirlər ki, bu sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycanı öz yolundan döndərə bilməz. Həm də korrupsiyalaşdığı sübut olunmuş bir qurumun qəbul etdiyi sənədlər heç Avropanın özündə belə artıq ciddi qəbul edilmir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.