Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı

5-06-2024, 11:10           
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son
dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi
tanınır. İyunun 4-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib.
Bakıda Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və çoxaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian
Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian
Power” sərgilərinin açılışıı keçirilib. Tədbirdə 37 ölkədən 300-dək şirkətin
iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun,
etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bu
reallığı diqqətə çatdırdı ki, “bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o
vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb
edilməsində çox vacib rol oynayıb. Həmin vaxtdan bəri bu tədbirin
miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını
vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı
Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz,
emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.
Bu il Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi müstəqilliyinin təmin
edilməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi»nin
imzalanmasının 30 illiyinə təsadüf edir, bu halda sazişin ötən dövrdə
ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır.
«Əsrin müqaviləsi» ilə iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən
Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş
etdirdi. «Əsrin müqaviləsi»nin imzalanması ilə qısa müddətdə Azərbaycan
böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni
dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzuolunan tərəfdaş
kimi mövqeyini möhkəmləndirdi.
Prezidentin də qeyd etdiyi kimi “Bu, məhz belə başladı və üç il
müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin
tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin
imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz
limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər
ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və
şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan
Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.
Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim
iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji
siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq
etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və
əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”.
Bu gün Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq
qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla
təmin etmək üzrədir. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8
dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın
Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz
ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident
İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar
seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin
zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz
bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji
təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki,
Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə
görür.
Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji
təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə
açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin
mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu
strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.
Dövlətimizin başçısının da vurğuladığı kimi, "bizim kifayət qədər
neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan
enerji resursları olmadan yaşaya bilərik". Lakin Azərbaycan özünün yolunu
müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev
sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya
qoyub və bu gün start verilən Bakı enerji həftəsi və bütövlükdə mövcud
siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda
yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli,
tarazlaşdırılmış şəkildə həyata keçirilir.
Məhz bu amil Azərbaycanın qlobal enerji təhlükəsizliyində bütövlükdə
qlobal siyasətdə çəkisini ciddi formada artırır. Təsadüfi deyil ki, məhz bu
inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə
olan dövlətlər belə əks arqument tapmadı və COP29 kimi mötəbər bir
tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi.
Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət
tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli,
regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.