Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin dayağına çevrilib

5-06-2024, 15:18           
Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin dayağına çevrilib
Azərbaycan qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində xüsusi fəallıq göstərən ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım"la bağlıdır. Ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıqların bərpası, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi üçün sanballı layihələr həyata keçirilir. Bu mənada Prezident İlham Əliyevin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışı, orada səsləndirdiyi fikirlər Azərbaycanın “yaşıl enerji” siyasətinə sadiqliyindən xəbər verir.
Qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinin Azərbaycandan da yan keçmədiyini vurğulayan politoloq deyib: “Erməni işğalçılarının 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurun təbiətinə vurduğu zərbənin nəticələrini aradan qaldırmaq üçün bizə uzun müddət lazımdır. Biz azad olunan bölgələrimizi, eləcə də Naxçıvan Muxtar Respublikasını “yaşıl enerji” zonası elan etmişik. Qarabağda "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ layihələr tətbiq edilir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensial mövcuddur. Dövlətimizin başçısı bu məqama toxunaraq qeyd etdi ki, “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.
Digər ciddi problem Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşməsidir. Azərbaycan Prezidenti bu mövzuda dəfələrlə çıxış edib və narahatlığını dilə gətirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Xəzər dənizinə axan çaylar başqa ölkələrdə qaynaqlanır. Odur ki, dənizin səviyyəsinin düşməsində bizim heç bir məsuliyyətimiz yoxdur. Azərbaycan yeni su bəndləri və kollektorlar inşa etməklə Xəzərdəki təbii fəlakətin miqyasının genişlənməsinin qarşısını almağı hədəfləyir.

Bu gün Azərbaycanın qaz ixracı artır. İxracımız 24 milyard kubmetrdən artıq olacaq. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib. Təsadüfi deyil ki, ölkəmiz ümum-Avropa qaz təchizatçısı adlandırılır. Bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir. Biz öz qazımızın satış coğrafiyasını genişləndirmək üçün yeni ölkələrlə danışıqlar aparırıq. Həm ənənəvi enerji resurslarının, həm də bərpaolunan enerji məhsullarının istehsalını və satışını hədəfləyən Azərbaycan dünya dövlətlərinin artan tələbatlarını öyrənir, yeni trendləri izləyir. Biz öz iqtisadiyyatımızı daim dəyişən dünya bazarının tələblərinə uyğunlaşdırırıq. Bu ilin payızında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası imkan verəcək ki, biz özümüzün enerji potensialımızı, “Yaşıl enerji” siyasətimizi dünyaya daha yaxından təqdim edək, tanıdaq. Çünki “yaşıl enerji”yə keçid strategiyası qlobal iqlim dəyişmələrinin qarşısını almaq və sağlam həyat şəraitini təmin etmək məqsədi güdür. Karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində görülən işlərə misal olaraq 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını xüsusi qeyd etmək olar. Bu elektrik stansiyası regionumuzda ən böyük Günəş elektrik stansiyasıdır. Biz yaxşı bilirik ki, IV Sənaye inqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən “yaşıl enerji” ənənəvi enerji mənbələrini geridə qoyacaq. Daş kömür, xüsusilə də neft-qaz kimi sahələrin yaxın müddətdə öz ömrünü başa vuracağını da söyləmək çətindir. Dünya hələ uzun müddət mavi yanacaqdan istifadə etməli olacaq. Bütün hallarda Azərbaycan öz iqtisadiyyatını çevik idarə edərək yeni dövrə transformasiya etmək gücündə və niyyətindədir. Növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik.
Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən iqtisadi strategiyası sayəsində alternativ enerji mənbələrinə çıxış imkanlarını genişləndirir. “Bütün bunlar həm enerji təhlükəsizliyimizin təmin edilməsi, həm də enerji ixracatımızın şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan regiondakı liderliyini hələ uzun müddət qoruyub saxlayacaq. Mən ABŞ Prezidenti Co Baydenin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və “Caspian Power” sərgilərinin açılış mərasimində oxunan məktubundakı bir məqama da toxunmaq istəyirəm. ABŞ Prezidentinin Azərbaycanı qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri hesab etməsi ölkəmizə verilən dəyərin göstəricisidir. Artıq dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycanın enerji strategiyasının uğurunu etiraf edirlər”.

Tufan Məmmədov – iqtisadçı ekspert













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.