Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir

5-06-2024, 16:18           
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir
Hazırda ölkəmiz növbəti önəmli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında iştirak və çıxış edib. Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar.
30-dan çox ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi səciyyələnir, tədbirin statusunu daha da yüksəldir. Bu mühüm platformanın müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır.
Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik.
Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür: “Yeni neft strategiyasının Azərbaycanın müstəqillik tarixində mühüm rolu hədsiz dərəcədə böyükdür, ölkəmizin iqtisadi inkişaf təməllərinin və formalaşan güclü maliyyənin əsasını məhz neft gəlirləri təşkil edib. Neft gəlirləri respublikamızın sosial-iqtisadi tərəqqisinə dərin zəmin yaratmaqla bərabər, güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitə olmuş və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü təmin etməsində də fundamental baza rolunu oynamışdır. Bu baxımdan “Əsrin müqaviləsi”nin imzalanması tarixi-iqtisadi rəmzi məna daşıyır. Bu əlamətdar hadisənin Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapması təsadüfi deyil.
Bu kimi mühüm platformalara beynəlxalq marağın ildən ilə artması Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisidir. Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir. Bu coğrafiya ABŞ, Avropa İttifaqı, Türkiyə, ərəb-islam dünyası və digər əraziləri əhatə edir. Bakı Enerji Həftəsinə dünya səviyyəsində verilən daha bir önəmin göstəricisi nüfuzlu dövlətlərin rəhbərlərin təbrik məktublarıdır. Bu xüsusda ABŞ Prezidenti Cozef Baydenin məktubunu da xatırlatmaq zəruridir. Nəzərə alaq ki, bir həftə ərzində ABŞ Prezidenti Azərbaycana ikinci məktubunu göndərir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik göndərib. C.Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edən dairələrə də tutarlı cavabdır. Bu əlaqələri pozmağa çalışan erməni lobbisi məqsədlərinə nail olmadı. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.