Batin alimi yazır: Dünyanın göbəyi Azərbaycandadır!

7-06-2024, 09:28           
Batin alimi yazır: Dünyanın göbəyi Azərbaycandadır!
Qədim dinlərdə və mənbələrdə "dünyanın göbəyi" adlandırılan müəyyən bir ərazidən və müqəddəs daşdan danışılır ki, bu göbək müxtəlif dini-mifoloji baxışlarda dünyanın mərkəzi mənasında qeyd olunur. Riyazi təfəkkürə malik hər bir insan anlayır ki, birbaşa mənada dünyanın göbəyi ola bilməz. Burada söhbət rəmzi mənada olan sirli ərazidən gedir. Bu məqalədə mən, bu ərazi ilə bağlı olan suallara cavab tapmaq üçün qədim müdriklərin sufi-batini məntiqinə müraciət edəcəyəm.

Bildiyimiz kimi göbək dedikdə, ana bətnində olan uşağı anası ilə bağlayan insan bədənindəki balaca dəlik nəzərdə tutulur ki, bətndəki uşaq məhz bu göbək vasitəsilə qidalanır. Deməli, göbək - yeni doğulacaq insanın qidalanma yoludur. Bəs bu qida bağının dünya ilə nə əlaqəsi ola bilər? Bu suala cavab tapmaq üçün, dünyanın göbəyi haqda qədim mənbələrdəki məlumatlara nəzər salaq.
Yəhudi ənənəsində dünyanın göbəyi - Allahın dünyanı yaradarkən, onun Yerusəlim şəhərində əsasını qoyduğu təməl daşdır. Xristian mətnlərində də dünyanın göbəyi Yerusəlimdədir, daha dəqiqi - burada Allahın qəbrinin olduğu mağaranın qarşısıdır. Müxtəlif sapmalar nəzərə alınsa belə, xristian ənənəsində bu mərkəz mağaranın ərazisi hesab olunur. Mən, "Тайна метафизического золотого храма царя Соломона" adlı məqalədə göstərmişəm ki, Yerusəlimdəki bu mağara, yəhudilərin müqəddəs, yəni kodeş adlandırdıqları və Əhd sandığının yerləşdiyi mağaradır (1). Bu müqəddəs ocağın qarşısı "Aləm" adlanan eyvandan və "Azara" adlanan həyətdən ibarətdir. Bütöv Yerusəlim məbədi isə Xeyxal adlanır ki, bu da ilk insanların vahid səfa dilində Həyya-Gel, yəni "həyat verən Gel" eli deməkdir. Batini mənada gel (hel) rəmzi İlah rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, Xeyxal (Heyhal) rəmzi - (Gel elindəki) "həyat verən İlah" anlamındadır.

Gel şəhəri (Geliopol) ən qədim Misir mənbələrində firon (pirao-pir) Amonun kosmik Atum Allahını yaratdığı şəhərdir. Göydəki Atum Allahının daxilində isə Qeb, yəni Qeyb aləmi adlandırdığımız ruhlar dünyası, yəni cənnət yaradılmışdır. Deməli, "dünyanın göbəyi" dedikdə göydəki Atum Allahının yaradıldığı Gel eli (Geliopol) nəzərdə tutulur ki, göydəki dünya buradan yaradılmışdır. Mən, kitab və məqalələrimdə göstərmişəm ki, firon Amon məhz Gel şəhərində minlərlə qurban kəsərək, onların ruhlarını ilkin materiya ilə, yəni İlahla qarışdırıb, bu qarışıqdan göydə dünya, yəni cənnət yaratmışdır (2). Başqa sözlə, göydəki dünya - qurban ruhları ilə İlahın qarışığından yaradılmışdır. Qurbanların kəsildiyi qurbangah Tövrat və digər mətnlərdə daşa aid edilir. Bu isə o deməkdir ki, "dünyanın göbəyi" adlanan Yerusəlimdəki təməl daşı elə qurbanların kəsildiyi qurbangahdır. Məhz bu qurbangahdan qalxan qurban ruhlarından göydə dünya, yəni cənnət var olmuşdur və bu dünyanı "qidalandıran göbək" Gel elindəki qurbangah daşıdır.

Bətndəki uşaq göbək ciyəsi vasitəsilə anasından qidalanır. Göydəki dünyanı qurban ruhları ilə qidalandıran göbək ciyəsi rolunda olan boru qədim mətnlərdə "sütun" adlandırılır ki, inanca görə göyləri də bu sütun saxlayır. Mənbələrdə bu sütun Herakl, Xozroy və s. sütunu da adlanır və mən yazılarımda, iki dünya arasındakı bu sütunlar haqqında geniş yazmışam (3).
Bütün bunlar o deməkdir ki, "dünyanın göbəyi" dedikdə söhbət, göydə yaradılmış dünyanın var olması üçün, oranı qidalandıran mərkəzdən gedir. Tövrata görə, qurbangaha fasiləsiz təzə qurbanlar gətirilib, buradakı ocaqda yandırılırdı və bu müqəddəs od həmişə qorunurdu. Qurbangaha tökülən qurban qanının buxarı da göyə qalxıb, göydəki dünyanı yaşadırdı (4).

Türklərin “Moyun Çor” abidəsində Türk xanı Tolis (Tölis/Töleş) iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Bu o deməkdir ki, məhz Türk xanı qurban vasitəsilə İlahdan El, yəni El-İlah - Allah yaratmışdır və bu Allahın yaradıldığı və qidalandığı göbək də Gel elindədir. Kitabı Dədə Qorqudda göydə yaradılmış bu el - Taş Oğuzun içində yaradılmış İç Oğuz eli adlanır ki, batini mənada Oğuz rəmzi - Xaos, yəni ilkin materiya, İlahın təbii vəziyyəti anlamındadır (5). Başqa sözlə, Gel şəhərinin göylərində qurban ruhlarından dünya, el yaradan Türk xanıdır.
Alban mənbələrində Gel eli - Alban Ərənşahları nəslinin malikanəsi olan Gelarküni adlanır. Mətnlərə görə Süni şahzadələri olan pirlər məhz burada "səhra" tikmişlər. Yəhudi mənbələri, göydə İlahla qurban ruhlarının qarışığından yaradılmış bu cənnət səhrasını Paran/Faran (firon) səhrası adlandırır. Sufi məntiqində səhra - ilkin materiya sahələrinin rəmzidir. E.ə. VII əsrin Assur yazılarında bu səhra - "Şərqin Ərəbi" ölkəsi adlanır və qədim Midiya ərazisində qeyd olunur (6). Yunan mifologiyasında ərəb rəmzi - xaos, yəni ilkin materiya mənasında qeyd olunur. Deməli, mənbələrdə Ərəbistan səhrası dedikdə, Gelarküni pirlərinin göydə ilkin materiyadan, yəni İlahdan yaratdıqları - ruhların yaşaması üçün xüsusi ərazi, el, dünya başa düşülməlidir.

Alban mətnlərinə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başladı və bu şəhər Yaqub peyğəmbərin ailəsinə verilmişdi. Yerusəlim rəmzi batini mənada Ra-Səlim deməkdir və "Ra (Ra-Amon) günəş Allahının Səlim şəhəri" anlamındadır. Əhdi-Ətiqdə Səlim şəhəri Allahın göydəki evi, eyni mənalı sulam rəmzi isə Yaqub peyğəmbərin, göydəki bu şəhərə aparan pilləkəni anlamında qeyd olunur. "İsa-aləmi", yəni ruh aləmi mənasını verən səlim rəmzi sufi məntiqində İslam və İsmail rəmzləri ilə də eyni anlamdadır. Bu o deməkdir ki, Allahın göydəki Səlim şəhəri elə Gelat (Gel) ismaililərin göydəki İslam aləmidir. Mən, "Qədimdə din - pirin İlahla vəhdətinə deyilirdi" adlı məqalədə, batini mənada İslam dininin göydəki cənnət mənasında olmasını elmi əsaslandırmışam (7). Bu isə onu deməyə əsas verir ki, "İsmaili qurbanı" ifadəsi altında, qurban ruhlarından göydə Səlim və ya İslam dünyasının (Dar əl-İslam) yaradılması başa düşülməlidir. Belə çıxır ki, əsl müqəddəs (kodeş/kuddus/kadus/qüds) Yerusəlim indiki Yerusəlim yox, Midiya ismaililərinin Gelat (Gel-Gelarküni) göylərində yaratdığı Göy Yerusəlimidir. Əhdi-Cədiddə, İlahiyyatçı Yəhyanın kitabında "Göy Yerusəlimi" ifadəsi xüsusi nəzərə çatdırılır ki, bu - axirətdə gələcək İsa peyğəmbərin göydə yaradacağı yeni dünya mənasındadır.

Yunan mifologiyasına görə dünyanın göbəyi Omfal adlanan Baytil daşıdır və o Apollon Allahın vətəni olan Delos adasındakı Klar şəhərindədir. Apollon Allahının bu müqəddəs şəhərində, onun məşhur Delfa orakulu və məbədgahı olmuşdur.
Baytil rəmzi sufi məntiqində Beytel/Betel, yəni əl-beyt - Allahın evi anlamındadır. Tövrat yazır ki, Yaqub peyğəmbər başının altına bir daş qoyub yatır və ilahi yuxu görür. Oyandıqdan sonra bu yeri “Betel” adlandırır və bildirir ki, “bura Allah evindən başqa bir şey deyildir, bura göyün qapılarıdır!”. Yaqub, burada qurbangah düzəldib Allahı çağırır. Bu o deməkdir ki, dünyanın göbəyi olan Omfal, yəni Beytil daşı - göydəki Allah evinə, yəni Beytullaha aparan göyün qapısıdır.
Delos rəmzi şumer-assur mənbələrdən Tilos kimi məlumdur və bura Tilmun/Dilmun cənnətinin yerləşdiyi yerdir. Bu cənnət elini isə Türk xanı Tolis göydə, İlah adlandırdığımız ilkin materiyada yaratmışdır (8). Sufi-batini məntiqində Delos, Tilos, Tolis rəmzləri eyni mənalıdır və bu rəmzlərlə bağlı olan ərazi bu gün Talış dağları adlanır ki, cənnət məhz bu dağın göylərində yaradılmışdır. Başqa sözlə, Delos adası - göy okeanında, ilkin göy sularında ada kimi təsəvvür olunan cənnət mənasındadır.
Qədim müdriklərin vahid sufi dilində klar və orakul rəmzləri, Gelarküni adındakı Gelar rəmzi ilə eyni mənalıdır. Yəhudi mənbələrində bu rəmz Raxil kimi qeyd olunur və o bütün yəhudilərin anası sayılır. Mən, kitab və məqalələrimdə göstərmişəm ki, Yaqub peyğəmbər və Raxilin nəsli bilavasitə Gelarküni, yəni Gelar bəglərinın nəslidir. Xristianların əvvəl və axır Allahları da bu ellə bağlıdır (9).
Gelar (Gelat) nəsli ərəb mənbələrində Cəlairlər (Cəlait) kimi qeyd olunurlar. Mətnlərdə onlar muğallar və ya moğollar, Tövratda isə Eloxim Allahları adlanırlar. Bu allahların şahlığı da təbii ki, Gel şəhərinin göylərindən başlanır (10).

Bütün bunlar o deməkdir ki, ən qədim mənbələrdə "dünyanın göbəyi" dedikdə, Azərbaycan göylərində Azəri pirlərinin, yəni Osiris (Asar) fironlarının yaratdığı ölüm şahlığını yerlə birləşdirən daş - qurbangah nəzərdə tutulmalıdır. İslam mənbələrində bu daş Kəəbə adlanır ki, bu da Qeb, yəni Qeyb aləmi deməkdir. Bu gün Ərəbistanda yerləşən Kəəbə daşı saxtadır. Çünki, məşhur mühəddis Buxariyə görə əsl Kəəbə - iki çayın birləşdiyi yerdən başlayan təpənin başındadır. Ərəbistandakı Kəəbə isə səhradadır. Digər tərəfdən, Kəəbənin, yəni qurbangahın göylərində cənnət yaradılmışdır ki, yəhudi mənbələrinə görə bu Beytullah, Allahın Özünə qulluq üçün ayırdığı Gelar/Gilar bəglərinin yurdundadır (11).
Gilar bəgləri Tövratda Gelat izmaililəri, islamda isə ifrat Gelat şiələri kimi məlumdur. Bu ismaililər mənbələrdə Qacar, yəni Həcər şahlar nəsli də adlanır ki, bu nəslin qadın adı ilə adlanması, onların əsl yəhudi, yəni Allahın Özünə qulluq üçün ayırdığı Xəzər Türk bəgləri olması ilə bağlıdır (12). Tövratda bu ismaili şahlar nəslinin Gelat eli - Xaldeya kimi də qeyd olunur ki, ilk insanlar burada Babil qülləsi tikmişdilər. Babil sözü "Allahın qapısı" mənasını verir və bu da elə göydəki dünyanın yerdəki qapısı - Beytil daşı anlamındadır. Gelat (Gelad/Qalaad), Xaldeya (Xalda) rəmzləri bizlərə Azərbaycan Atabəglər Ailəsinin Xelat malikanəsi kimi də məlumdur. Quranda atabəglərin Xelat elində yaratdıqları cənnət - Xüld cənnəti adlanır. Başqa sözlə, Gelat/Gelar göylərindəki cənnət Azərbaycan Atabəglər Ailəsinin şəxsi mülküdür. Qədim mətnlərə görə bu cənnəti Azəri farnbaqları, yəni firon-bəgləri bilavasitə öz ölümsüz pirlər, xanlar, seyid-şıxlar nəsilləri üçün yaratmışdılar. Lakin adi insanların da içində sadiq möminlər olduğuna görə, onların da bu cənnətə düşməsi üçün, pirlər - kamil ismaili fəlsəfəsini sadələşdirib, avam insanlar üçün İslam dinini və onun qanunlarını yaratdılar (3).
Yazdıqlarımdan çıxan nəticə odur ki, dünyanın göbəyi - qədim mənbələrdə Midiya, bu gün isə Yardımlı adlanan rayonda mövcud olmuş dünyanın təməl daşıdır.
Yardımlı rayonu qədim dövrlərdə Ərdəbil vilayəti hesab edilirdi və Ərdəbil xanlığına aid idi. XVIII əsrin əvvəllərində Azərbaycan torpaqları inzibati cəhətdən dörd vahidə bölünürdü ki, Ərdəbil mahalı heç bir bəylərbəyliyə daxil edilməyərək, Səfəvi nəslinin müqəddəs ocağı kimi şah xanədanı sayılırdı. Təbii ki burada söhbət, ismaili şahları olan Qacarların "qorunan mülkündən" (Məmaliki Məhruseyi Qacar) gedir. Batinilərdə - "Yer yox ikən, göy yox ikən ta əzəldən var olan" Şah İsmayıl obrazı da, dünya yaradılarkən yaradılan və axirətdə zühur edəcək Mehdinin obrazıdır. Bu obraz isə elə göydə ölümsüzlük qazanmış və axirətdə yerə enəcək, qədim Misirin Ra-Amon Allahının obrazıdır. Xristian Allahı kimi qeyd olunan bu Allahın qəbri də, buradakı mağarada qorunan Ra-Amon Allahın, daha doğrusu Ra-Amon Allahına çevrilmiş pir Amonun qəbridir. Mən, "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər" adlı məqalədə, yəhudilərin El-Şadday adlandırdıqları Allahın bu qəbri haqda geniş məlumat vermişəm (13).
Dünyanın göbəyi mənasında olan Beytil daşı, Yardımlı rayonunun keçən əsrə qədər Gilarau adlanan mahalında olmuşdur və bu mahal özündə bir neçə kəndi birləşdirir. Bu ərazilər mənbələrdə "göy insanları" adlanan Göktürk müqəddəslərinin vətənidir və bütün qədim türklər, yəni "Allah yaradan" teurqlar buradan çıxmışlar. Bu torpaq eyni zamanda bütün Assur, Misir Allahlarının, 124 min peyğəmbərin, Adəmin və Azəri müqəddəsləri nəslinin vətənidir (14).
İlahi sirlərdən xəbərsiz insanlar bu gün, Gilarau mahalındakı Beytullah, buradakı Allahın qəbri və Allahın Özünə qulluq üçün ayırıb, müqəddəs adlandırdığı bəglər haqqında heç nə bilmirlər. Əvəzində isə özlərinə, dünyanın müxtəlif yerlərində saxta müqəddəs ocaqlar yaradıb, oralara ziyarətə gedirlər. Bunlardan biri də Ərəbistandakı saxta Kəbə evidir. Hər il iki milyondan artıq müsəlman bura ziyarət edib, böyük vəsaitlər xərcləyib, qurbanlar kəsirlər. Bütün bu nəzir-niyazın isə nə saxta Kəəbəyə, nə də vəsaiti xərcləyən zəvvarlara xeyri yoxdur. Batini mənada həcc ziyarəti, ekstatik durumda insan ruhunun Kəəbə göylərindəki cənnətə səyahətinin (sufilərdə seyri suluq) təqlididir. İlk insanlar məhz bu yolla Allahı "tanımış" və İlahi qüdrətə sahib olaraq Haqqa çevrilmişdilər. Həcc də Haqqa, yəni Tanrıya (Tarıya) çevrilmək mənasındadır. İlk insanların bu yolu "Allaha səyahət və Allahda səyahət" mənasında olmuşdur və bu yolun yolçuları - "Qor Allahın yolu ilə gedənlər" (Şəmsü Qor) adlanırdı. Mən, Batini-Quran kitabında həcc ziyarətinin əsl mahiyyətinə geniş izah vermişəm (3).

Bütün bu İlahi həqiqətlərin bu günə qədər sirr kimi qalmasının səbəbi odur ki, müdriklər, adi yer insanlarını - bu sirləri bilməyə layiq görməmişlər. Müdriklərə görə yer insanlarını ağıl qüvvəsi yox, heyvani nəfs idarə edir və ona görə də onlar heç mənbələrdə qeyd olunmağa da layiq görülməmişlər. Bu səbəbdən bütün qədim yazılar xüsusi məntiqlə yazılmışdır ki, Tövratda bu məntiq ilk insanların vahid səfa (sufi) dili, Quranda isə Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır. Müasir alimlər bu dili bilmədikləri üçün bütün yazılar səhv anlaşılmışdır. Bu gün ilahiyyatçı, tarixçi və filosof adlanan elm adamlarının qəbul etdiyi tarix, din - cəfəngiyat və cəhalətdir. Allahın, insanın və göydəki cənnətin yaradılış sirlərini bilməyən insan - əsl alim, ilahiyyatçı, filosof ola bilməz. Bu günkü ilahiyyatçılar - Allah elmini biznesə çevirmiş, dərindən düşünmə qabiliyyəti olmayan cahillərdir. İlk insanların səfa elmi, Gel kahinlərinin elmidir. Onlar bu elmi yaratmış və yalnız onlar da bu elmi-billaha izah verə bilərlər.
Qədim yazılara görə axirətdə, Gilar bəglərinin yurdundakı dünyanın göbəyinin, yəni Beytil daşının altındakı mağara açılacaq, insanlar İlahi sirləri anlayacaq, İlahi Azər odunun və dirilik suyunun nə demək olduğunu dərk edəcəklər. Yaradılış dövründən sonra ilk dəfə bu "Allahın qapısı" açıldıqda, burada böyük qurban mərasimi keçiriləcək ki, bundan sonra göydə ikinci ruhlar dünyası, yəni cənnət yaranacaqdır. İnsanlar günahlarını yumaq üçün məhz burada, İsmail qurbanının təxminən 5000 il keçirildiyi həmişəki yerində, son 500 ildə ilk dəfə böyük qurban mərasimi keçirib, Allahdan İsmail kimi onları bağışlamağı istəyəcəklər.

Mənbələr
1. Məqalə: "Тайна метафизического золотого храма царя Соломона", sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1
2. Məqalə: "Значение звезды Давида на “языке птиц” царя Соломона", sayt: https://firudin.blogspot.com/2023/07/blog-post_10.html?m=1
3. "Batini-Quran" kitabı, sayt: https://firudin.blogspot.com/2020/08/batinilik-haqda.html
4. Məqalə: "Истина об Израильском царстве", sayt: https://gilarbeg.com/?sehife=oxu&lang=1&content=1226
5. Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/
6. Məqalə: "Qədim mənbələrdəki Ərəbistan İndiki Ərəbistan deyil!", sayt: https://firudin.blogspot.com/2023/07/qdim-mnblrdki-rbistan-indiki-rbistan.html?m=1
7. Məqalə: "Qədimdə din - pirin İlahla vəhdətinə deyilirdi", sayt: https://firudin.blogspot.com/2024/04/qdimd-din-pirin-ilahla-vhdtin-deyilirdi.html?m=1
8. Məqalə: "İsrail oğulları - Talış dağlarının hunnlarıdır", sayt: https://gilarbek.blogspot.com/2018/04/israil-ogullar-tals-daglarnn-hunnlardr.html?m=1
9. Məqalə: "Великие деяния сыновей Иакова и Рахиля", sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1
10. Məqalə: "Империя моголов, берущее начало с золотого храма Соломона", sayt: https://firudin.blogspot.com/2023/10/blog-post_15.html?m=1
11. Məqalə: "Происхождение и обязанности левитов или же ахли аль-бейта", sayt: https://firudin.blogspot.com/2023/01/blog-post.html?m=1
12. Məqalə: "Ana" ilə keçən müqəddəslik", sayt: https://firudin.blogspot.com/2022/09/ana-il-kecn-muqddslik.html?m=1
13. Məqalə: "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər", sayt:
https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html
14. Məqalə: "Святые всех религий происходят из одного рода", sayt: https://firudin.blogspot.com/2024/04/blog-post.html?m=1

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.