Türk dövlətləri birliyi sarsılmaz və möhkəmdir

7-06-2024, 17:10           
Türk dövlətləri birliyi sarsılmaz və möhkəmdir
Dünyaya inteqrasiya edən Azərbaycanın hazırda bir sıra dövlətlərlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu baxımdan Türk dövlətləri ilə olan əlaqələr mühüm əhəmiyyət kəsb edir. Ölkə başçılarının görüşləri, parlamentlərarası münasibətlərin genişlənməsi, bütün sahələr üzrə əlaqələrin möhkəmlənməsi, imzalanan müqavilələr Türk birliyini daha da möhkəmlənirir.
İyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Görüşdə bir sıra məsələlərə toxunulub. Bildirilib ki, "Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır" – deyən Prezident qeyd edib ki, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Bildiyimiz kimi, üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb: Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi və s. qeyd etmək olar. Həyata keçirilən layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. "Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm" – deyə Prezident bildirib.
İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində Macarıstanın da iştirakı çox sevindirici haldır. Şübhəsiz, Macarıstanın Qarabağda tikinti-quruculuq işlərinə belə dəstək verməsi əsl dostluğun göstəricisidir. Macarıstan müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olub. Hazırda Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə təmsil olunduqları beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir və ədalətli qərarların qəbul olunmasına töhfə verir. Bir məqamı da xüsusi vurğulayaq ki, Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
İqtisadi əlaqələrə gəldikdə, Macarıstan Azərbaycan ilə enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. Dost dövlət Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı rolu həmişə təqdir edir. Yeri gəlmişkən qeyd edək ki, Avropa bazarında Azərbaycan qazının alıcıları arasında Macarıstan da var. Macarıstanın təbii qaza illik tələbatı 9-10 milyard kubmetrdir. Bu ölkə isə ildə yalnız 1,5 milyard kubmetr qaz istehsal edir ki, bu da çox azdır. Ona görə də Macarıstan yaxın tərəfdaşı Azərbaycandan təbii qaz idxal edir.
Ötən ilin yanvar ayında iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Həmçinin “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” həyata vəsiqə alıb.Dünyada çox az sayda ölkə var ki, aralarında belə münasibətlər olsun. Elə bu kimi səbəblərdən bəzi Qərb dövlətləri iki dövlət arasındakı münasibətlərə qısqanclıqla yanaşırlar.
Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçıları ilə görüşü zamanı qeyd edib ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir”.
Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.