Azərbaycan – Misir əməkdaşlığının yeni səhifəsi yazılır - İsrafil Kərimovun yazısı

10-06-2024, 11:20           
Azərbaycan – Misir əməkdaşlığının yeni səhifəsi yazılır - İsrafil Kərimovun yazısı
Son vaxtlarda Prezident İlham Əliyevin mütəmadi olaraq bir sıra
ölkələrə rəsmi səfərlərə getməsi, ikitərəfli və çoxtərəfli platformalarda
mühüm görüşlər keçirməsi, aktual müzakirələr aparması Azərbaycanın
xarici siyasətinə xüsusi dinamizm gətirib. İnkişaf edən Azərbaycan öz
siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi
dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətləri, o
cümlədən də daha geniş İslam coğrafiyası ilə münasibətlərinin
dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi
bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi
və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Ölkəmiz
İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq
platformalar üzərindən genişləndirir. Burada İslam Əməkdaşlıq Təşkilatının
rolunu xüsusi qeyd edə bilərik.
Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu
Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən
illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda
Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və
həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib.
Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il
uzadılıb. Ölkəmiz Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə
onun məqsəd və məramlarının təşviq olunmasına, funksionallığının
artmasına, nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib.
Zəngin resurslara malik ərəb dövlətləri ilə əməkdaşlığın iqtisadi
perspektivləri də böyükdür. Yaşıl enerji seqmenti üzrə imzalanan sənədlər
və respublikamızda reallaşdırılan layihələr bir daha təsdiqləyir ki, ərəb
dövlətləri ölkəmiz üçün zəngin investisiya mənbəyi qismində çıxış edə
bilərlər. Eyni zamanda, ərəb dövlətləri geniş bazardır. Hazırda dünyada
bazarlar uğrunda ciddi rəqabət gedir. Azərbaycanın Körfəz ölkələrinə böyük
həcmlərdə ixrac imkanları var.
Bu gün Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu
əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla
Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa
etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Sabiq
prezidentlər Heydər Əliyev ilə Hüsnü Mübarək arasında dostluq
münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün
bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev iki ölkə arasında
münasibətlərin inkişafına daim böyük önəm verirdi. 1994-cü ilin
sentyabrında Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq
Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı Misir
Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir
münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni
perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir
Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu
beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Dost ölkələr olan Azərbaycan və Misir həm ikitərəfli, həm də coxtərəffli
platformalarda sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq təşkilatlarda –
BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə
fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi
məsələlər də daim gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri,
alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan
energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş
perspektivlər var.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı
10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin
genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində
əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün
tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq
edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən
Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda,
Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin iyunun 7-də Misirə uğurla baş tutan rəsmi
səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin
daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın
gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş
olub. Prezidentlər mətbata bəyanatlarla çıxış ediblər. Səfərin önəmindən
bəhs edən Prezident İlham Əliyev “Bu səfər Misir-Azərbaycan əlaqələrinin
inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini
Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir
ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi
dialoq bundan sonra da davam etdirilsin”, - deyə vurğulayıb.
Azərbaycan Prezidentinin dost ölkəyə son səfəri çərçivəsində 7 sənəd
imzalanıb. Şübhə yoxdur ki, Qahirədə imzalanan yeni sənədlər iki dost ölkə
arasında əlaqələrin inkişafına yeni perspektivlər açacaq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.