Misirlə əlaqələrimiz daha da genişlənəcək

10-06-2024, 15:44           
Misirlə əlaqələrimiz daha da genişlənəcək
Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri ilə Azərbaycan-Misir əlaqələrinin tarixində daha bir səhifə yazılır. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi təkbətək, geniş tərkibdə keçirilən görüşlərdən, Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar.
İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə addımlar atdığını vurğulayan dövlətimizin başçısı bildirib ki, beynəlxalq məsələlərdə iki ölkə arasında fikir ayrılığı yoxdur: “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində olub: “Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.
Daha sonra Azərbaycanın keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini, hazırda Azərbaycan-Ermənistan şərti sərhədində sakitlik hökm sürdüyünü, heç bir atəşkəs pozuntusu müşahidə olunmadığını diqqətə çatdıran dövlətimizin başçısı Cənubi Qafqazdakı digər proseslərdən də ətraflı söz açıb. Bildirib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb və biz bunu müsbət hal kimi qiymətləndiririk: “Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır”.
Misirlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin artırılmasını müsbət hal kimi dəyərləndirən Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar bu istiqamətdə daha uğurlu nəticələrə çatmaqda böyük rol oynayacaq. Şübhəsiz, Azərbaycan ərazisindən keçən həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri də nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açır.
Qahirədə iyunun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə müxtəlif sferaları əhatə edən 7 sənəd imzalanıb.
Dövlətimizin başçısı çıxışının sonunda noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində də iki ölkə ilə bağlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Öz çıxışına Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi, həmçinin Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyi münasibətilə Prezident İlham Əliyevi təbrik etməklə başlayan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu səfər çərçivəsində qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə yanaşı, iki ölkə arasında inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarının da müzakirə edildiyini vurğulayıb: “Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin”.
Misir Prezidenti Azərbaycanın Qəzzada fələstinli insanlar üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin səylərini dəstəklədiyini bildirib. O, Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib: “Cənab Prezidentə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim. Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq. Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.

Tufan Məmmədov – iqtisadçı ekspert













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.