Azərbaycan-Pakistan dosluğunun yüksəliş dövrü

12-07-2024, 09:40           
Azərbaycan-Pakistan dosluğunun yüksəliş dövrü
Azərbaycanın müstəqil xarici siyasət strategiyasını uğurla həyata keçirməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənib, əlaqələri genişlənib, dünyada söz sahibinə çevrilib. Son dövrlər Azərbaycan ilə Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunur. Azərbaycanın xarici siyasətində Pakistan İslam Respublikasının xüsusi yeri və əhəmiyyəti var.
Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin birliyi tarixin sınaqlarından çıxıb. Bu birlik günümüzün gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır. Ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da genişləndirir.
Prezident İlham Əliyev iyulun 11-də Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə Pakistana rəsmi səfər edib. Səfər iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsi işində yeni səhifə açıb. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirib, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənəd imzalanıb. Görüşdən sonra hər iki dövlətin başçıları mətbuat üçün bəyanatla çıxış ediblər.
Qeyd edilməlidir ki, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün əsaslı zəmin yaradıb. Ölkələrimiz arasında imzalanmış 36 sənəd əməkdaşlığımızın hüquqi bazasını təşkil edir. Mövcud olan geniş mədəni, humanitar münasibətlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mühüm sosial-humanitar layihələr həyata keçirilir. Bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın "Hilal-e Pakistan" ordeni ilə təltif olunub.
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə, Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə, sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri xüsusi əhəmiyyətə malikdir. Pakistan Azərbaycanın işğaldan azad olunan ərazilərində də potensial investor ölkələrdən biridir.
İqtisadi əməkdaşlıq Azərbaycanla Pakistan arasında münasibətlərin mühüm aspektidir. Bunun üçün böyük potensial var. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması mümkündür. Hər iki dövlət öz aralarında ticarət və investisiya sahəsini inkişaf etdirməyə çalışır. 2021-ci ildə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının yaradılmasından sonra ikitərəfli iqtisadi əlaqələr və ticarət genişlənib. Bu palatının yaradılması iqtisadi əlaqələrin inkişafına böyük dəstəkdir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər.
Hər iki ölkə müxtəlif təşəbbüslər və birgə səylər vasitəsilə iqtisadi əməkdaşlığı möhkəmləndirməyə davam edir. Enerji resursları ilə zəngin olan Azərbaycan Pakistana neft və qaz ixrac etmək potensialına malikdir. Hər iki ölkə energetika sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən boru kəmərlərinin tikintisi və maye təbii qaz idxalı üzrə layihələrin reallaşdırılması imkanlarını nəzərdə tuturlar.
Pakistan Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab olunur. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib.
Azərbaycan və Pakistan təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlıq edir. Hər iki ölkə beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsini və terrorizmə qarşı mübarizəni dəstəkləyir. Hərbi əməkdaşlığa təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi və silah tədarükü daxildir. Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər. Bu barədə iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə razılıq ələ edilib. Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub,
Göründüyü kimi, son vaxtlar iki ölkə hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.