Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir

15-07-2024, 15:40           
Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir
Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Ölkəmizin möhkəm dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də, çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
Qeyd edək ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. İki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük töhvələr verib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrdə uğurla davam etdirilir.
Dost ölkə olan Pakistan keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin, Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Eyni zamanda da Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini dəstəkləyir və Pakistan ilə həmrəydir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.
Cari ilin iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Öz növbəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib. Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.
Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi qiymətləndirilir. Dost ölkədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Həmçinin, 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb.
Bu gün Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. iki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir. Pakistan rəsmiləri etiraf edir ki, İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi reallaşmır. Karbohidrogen enerjisi ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfkeşə ehtiyacı var. Azərbaycanın da Asiyanın uyğun bazarında İslam Respublikası ilə əməkdaşlıq etməsi faydalı olar. Bununla ölkəmiz Pakistanın yerləşdiyi regiondakı bazarda mühüm rol əldə edə bilər. Nəzərə almaq lazımdır ki, perspektivdə Orta dəhlizdən bu məqsədlə Pakistan da xeyir götürər. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də, Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.