“Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı” mövzusunda respublika elmi konfrans keçirildi - SDU-da
13-10-2016, 19:30
Oktyabrın 13-də universitetin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş “Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı” mövzusunda respublika elmi konfrans keçirildi.
teref.az xəbər verir ki, konfransı universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, 18 Oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbrik etdi və bildirdi ki, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Lakin müstəqilliyimizi qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. O zaman ölkənin daxilində və xaricində vəziyyətin heç də ürəkaçan olmadığını, ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr müstəqilliyimiz üçün böyük təhlükə yaratdığını diqqətə çatdırdı. Bildirdi ki, müstəqilliyini yeni əldə etmiş resbuplikanın düzgün inkişaf yolu seçməsi böyük siyasi müdriklik, zəngin təcrübə və strateji təfəkkür tələb edirdi. Heydər Əliyev həmin keyfiyyətlərə malik olan nadir şəxsiyyət kimi bu təhlükənin qarşısını aldı. 1993-cü il Müstəqillik tariximizdə böyük dönüş ili oldu. Çox sevindirici haldır ki, ulu öndərimizin ideyaları bu gün də yaşayır. Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətlə davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilir.
Sonra çıxış üçün söz natiqlərə verildi. SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev “Bakı-Tibilisi-Ceyhan neft kəmərinin çəkilişində Azərbaycanın tarix və mədəniyyət abidələrinin öyrənilməsi” mövzularında çıxış edərək 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açdılar. Məruzə ətrafında Sumqayıt Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixçi alimləri çıxış etdilər. Qeyd edək ki, konfransda iştirak etmək üçün 22 elm və təhsil müəssisəsindən 172 məruzə təqdim olunmuşdur.
Konfrans öz işini bölmələr üzrə davam etdirdi.