Nizami rayonu icra başçısının "gül" balasının macaralarla dolu həyatı

28-10-2016, 10:14           
Nizami rayonu icra başçısının "gül" balasının macaralarla dolu həyatı
Ölkə prezidenti İlham Əliyevin harınlamış məmurların övladlarına qarşı sərgilədiyi münasibət ortadadır. Prezident səsləndirdiyi fikirlərin bir çoxunda cəmiyyətdə özünü apara bilməyən vəzifəli şəxslərin övladlarına və onların bu həddə çatmasında birbaşa rolu olan valideynlərinə barmaq silkələyərək ciddi xəbərdarlıqlar edib. İlham Əliyev dəfələrlə məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələrini, sıravi vətəndaşlara yuxarıdan aşağı baxmamağı, hamı kimi qanunlara sözsüz əməl etməyi tapşırıb.
O hətta birmənalı şəkildə bildirib ki, harınlamış məmur balaları etdikləri hər bir əmələ görə qanun qarşısında cavab verəcəklər. Maraqlıdır, bir sıra məmurlar və onların övladları ölkə başçısının ən sərt formalı xəbərdarlığından sonra belə şəhərin müxtəlif yerlərində, hətta mərkəzi küçələrində «avtoş»luq edir, qanunlara məhəl qoymadan müxtəlif səsgücləndiricilərdən istifadə edir, hətta günün günorta çağı dava-dalaş, mübahisələr törədirlər. Ancaq hansı məmur və oğlu prezidentin tapşırığına əməl etmirsə, gec-tez layiq olduğu cəzanı alır.
Maraqlı məsələlərdən biri də bəzi məmur övladlarının yaşadıqları bahalı həyat şəraiti ilə bağlıdır. Belə ki, müxtəlif dövlət idarələrinə rəhbərlik edən bir qrup məmurun uşağı bahalı maşınlarda gəzərək, həmçinin dəbdəbəli villalarda yaşayaraq sadə həyat tərzi keçirən vətəndaşlara yuxarıdan aşağı baxırlar. Bu baxımdan Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun oğlu Nadir Qasımovu xüsusi vurğulamaq lazımdır. teref.az Sfera.az saytına istinadən icra başçısının oğlu haqda ilginc məlumatları və faotoları diqqətinizə çatdırır:
“İcra başçısının oğlunun adı mediada müxtəlif qalmaqallarda hallanıb. Bunlardan biri də onun hərbi xidməti ilə bağlıdır. Belə ki, N.Qasımovun hərbi xidmətdə olduğu halda Bakıda dəbdəbəli həyatını davam etdirməsi haqda xəbərlər yayılmışdı. Hələ bu xəbərlər yayılarkən bəzi saytlar hansısa maraqlar naminə Arif Qasımovun və onun “məzlum” oğlu Nadir Qasımovun müdafiəsinə qalxdılar və iddia etdilər ki Nadir Qasımov son 6 ayda hərbi xidmət çəkməyib. Nadir Qasımovun 6 ay əvvəl hərbi xidməti başa vurduğuna inansaq, onun hərbi xidmətinin başlanğıcı və böyük hissəsi məhz MTN-in və Eldar Mahmudovun vaxtına düşür. Maraqlıdır görəsən, Eldar Mahmudov icra başçısının oğluna hərbi xidmət zamanı fərqli bir şərait yaradılması üçün göstəriş vermişdimi? Ancaq digər faktlar göz qabağındadır. Bəs həmin “adı açıqlanmayan mənbə” icra başçısının oğlunun “İnstagram”dakı profili haqqında nə deyə bilər? Nadir Qasımov barəsində ən maraqlı məqam onun avtomobil kolleksiyası ilə bağlıdır. Prezdent İlham Əliyev dövlət pullarına qənaət etmək üçün məmurlara tövsiyyə etmişdi ki, Naxçıvanda yığılan «NAZ-Lifan» avtomobilləri alsınlar. Məmur övladlarının facebook və “İnstagram” səhifələrində paylaşdıqları şəkilləri işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, “qudurğan” və “harınlamış” məmur övladları kimi ifadələr işlətmişdi. Arif Qasımovun oğlunun instagram səhifəsində yerləşdirdiyi fotolardan görünür ki, oğul bala əsl icra başçısının oğludur. 90- AA -852 nömrəli avtomobildə gəzən oğul Qasımova nəylə bəraət qazandırmaq olar?! Aşağıda sizə təqdim etdiyimiz fotolardan da görünür ki, Nadir Qasımov əsl icra başçı oğlu kimi, “aristokrat” həyat tərzini sürür.
Onu da bildirək ki, N.Qasımovun belə bir həyat tərzini yalnız öz “məmur övladı şıltaqlığı”na bağlamaq olmaz. Elə icra başçısının özü haqda da az qalmaqallı xəbərlər yayılmayıb. Bu yazının sonunda həmin olaylardan bəzilərini yada salmaq istərdik. Bir xeyli öncə təmtəraqlı kreslosu ilə diqqət çəkən A.Qasımov daha sonra restoranda toy məclisində dava salması ilə gündəmə gəldi. Lap bu günlərdə isə icra başçısının dava saldığı deyilən restoranı – “Neolit”i öz kapitalına daxil etdiyi haqda xəbərlər yayıldı. Necə deyərlər icra başçısı gəzən ağacı oğlu budaq-budaq…”
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.