Gəncə Aviasiya Təmiri Zavodunda nə baş verir?

2-11-2016, 22:26           

40 ilə yaxındır ki, fəaliyyət göstərən Gəncə Aviasiya Təmiri Zavodunda son zamanlar bir sıra xoşagəlməz məqamlara, külli miqdarda yeyintiyə imza atılır. Belə ki, adıçəkilən müəssisənin Müdafiə Nazirliyinin nəzdində N saylı hərbi hissə kimi helikopter mühərriklərinin təmirini həyata keçirdiyini vurğulayan mənbənin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, Gəncə Aviasiya Təmiri Zavodunun direktoru Hacı Etibar Həsənov bir sıra nüfuzlu şəxslərin adından istifadə edərək şəxsi maraqlarını təmin etməyə, qazancını artırmağa çalışır. Beləliklə, adıçəkilən zavodun aylıq gəlirinin təxminən, 2-3 milyon manat civarında olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, Gəncə Aviasiya Təmiri Zavodu Etibar Həsənov üçün əlverişli yeyinti mənbəyidir: «Nəzərinizə çatdırım ki, bu ilin mart ayında Ukraynanın Konotop aviasiya zavodu vertolyot təmiri üçün Gəncə Aviasiya Təmiri Zavoduna 4 milyon 330 min dollar pul ödəyib.

Qeyd olunur ki, Hacı Etibar Həsənovun rəhbərlik etdiyi müəssisə vertolyotların təmiri və yenilənməsi üçün 20 müxtəlif sifarişi yerinə yetirəcək. Deyilənlərə görə, Gəncə Aviasiya Təmiri Zavodu direktoru bu işdən də xeyli gəlir götürməyə müvəffəq olub. Bildirilir ki, zavodda təmir olunan mühərrik və reduktoların hərəsinin öz təmir qiymətləri var. Bu xidmətin qaşılığında zavodun büdcəsinə külli miqdarda vəsait köçürülür». Həmin vəsaitlərin böyük bir hissəsinin Hacı Etibar Həsənovun şəxsi büdcəsinə yönəldildiyini qeyd edən mənbə bildirir ki, hər ay ən azı 10 mühərrik və ya reduktor təmir olunduğunu nəzərə alsaq, o zaman zavodun aylıq gəlirinin milyonlarla ölçüldüyünü demək olar: «Deyilənlərə görə, bu qədər gəlirin qarşılığında Gəncə Aviasiya Təmiri Zavodunun rəhbərliyi işçilərə olduqca az əməkhaqqı verir.

Hələ bu harasıdır. Əksər hallarla işçilərin maaşları gecikdirilir və ya əsassız yerə onların əməkhaqqından müəyyən məbləğ tutulur. Bütün bunlar bir daha onu göstərir ki, Hacı Etibar Həsənov Gəncə Aviasiya Təmiri Zavodundan əldə olunan gəlirin böyük bir hissəsini mənimsəyir». Bu arada, Gəncə Aviasiya Təmiri Zavodunun direktorunun oğlu Orxan Həsənovun dəbdəbəli həyat tərzi keçirdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Hacı Etibar Həsənov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla, o cümlədən Akif Çovdarovla sıcaq ilişkilərə malik olub: «Deyilənlərə görə, Gəncə Aviasiya Təmiri Zavodunun direktoru məhz Vüqar Mahmudov və Akif Çovdarovun sayəsində uzun müddət «Burda mən, Bağdadda kor xəlifə» prinsipilə fəaliyyət göstərib. Belə ki, o, adıçəkilən şəxslərin himayəsinə arxalandığı üçün öz bildiyini edib və heç kimdən, heç nədən çəkinmədəkn rəhbərlik etdiyi müəssisənin gəlirlərini təyinatdankənar istiqamətlərə yönəldib. Hacı Etibar Həsənovun oğluna gəlincə, Orxan Həsənov Vüqar Mahmudov və Akif Çovdarovun yardımları ilə MTN-də məsul vəzifədə çalışıb. Deyilənlərə görə, zavod direktorunun oğlu hər zaman dəbdəbəli həyat tərzi keçirib və bu gün də ənənəvi ampluasındadır. Bildirilir ki, vaxtının bir hissəsini kef məclislərinə, istirahətə sərf edən Orxan Həsənov atasının sahib olduğu biznes imperiyasının idarəçiliyilə də məşğul olur». Beləliklə, Hacı Etibar Həsənovun hazırda Gəncədə bir neçə oteli, nəhəng biznes strukturlarının, paytaxt Bakıda çoxlu sayda mənzilinin, bağ evi və villasının olduğunu vurğulayan mənbə qeyd edir ki, Gəncə Aviasiya Təmiri Zavodunun direktoru sahib olduğu sərvətilə bir çox oliqarx-milyarderlərlə yarışa belə girə bilər: «Deyilənlərə görə, bir müddət əvvəl Gəncə Aviasiya Təmiri Zavodunda təxminən, 5 milyardlıq yeyinti olub. Bildirilir ki, qeyd olunan məbləğin böyük bir hissəsi məhz Hacı Etibar Həsənovun tamahının güdazına gedib.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, zavod direktoru bir müddət əvvəl sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla əlaqəyə girərək Gəncədə yerləşən 2 saylı 52 ATS alıb və yerində «Məşədi İbad» hamamı, otel tikdirib. Deyilənlərə görə, Hacı Etibar Həsənovun Çexiyada Marinskdə kazinoyla üz-üzə dəyəri milyonlarla ölçülən əzəmətli evi var. Bundan başqa, onun «Porche-Bakı mərkəzi», «Bank of Azerbayijan», «Mango» mağazalar şəbəkəsi, «Neon» firması və digər biznes strukturları ilə yaxın əlaqələri var». Əldə etdiyimiz məlumatlarda həmçinin, o da deyilir ki, Gəncə Aviasiya Təmiri Zavodunun direktoru adıçəkilən müəssisədə dözülməz vəziyyət yaradıb: «Deyilənlərə görə, elə bu səbəbdən də işçilər yaxın günlərdə etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bildirilir ki, nüfuzlu şəxslərdən birinin adından istifadə edən Hacı Etibar Həsənov yaxın adamlarını başına yığaraq Gəncə Aviasiya Təmiri Zavodunda yüksək məvacibli işləri onlara tapşırıb.

Qeyd olunur ki, o, digər işçiləri, yəni onunla yaxından uzaqdan əlaqəsi olmayanları isə ən ağır, təhlükəli işlərdə çalışdırır, bunun əvəzində az əməkhaqqı verir. Buna görə də zavodun işçiləri hökm sürən acınacaqlı vəziyyətlə bağlı müvafiq dövlər qurumlarına müraciət etməyi planlaşdırırlar. Deyilənlərə görə, işçilər həmçinin, Gəncə Aviasiya Təmiri Zavodunda ciddi yoxlamanın aparılmasının, Hacı Etibar Həsənovun fəaliyyətinin ən incə detallarınadək araşdırılmasını tələb edirlər. Əgər bu baş verərsə, o zaman adıçəkilən zavodun direktoru yol verdiyi neqativ hallar, baş vermiş yeyintilər səbəbindən həbs təhlükəsilə üz-üzə qala bilər».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.