Vençur dünyasına bələdçi: biznes-mələklər kimlərdir?

Bu gün, 07:44           
Vençur dünyasına bələdçi: biznes-mələklər kimlərdir?
Vençur investisiyaları təkcə pul qoyuluşu deyil, yüksək risklərlə müşayiət olunan və böyük gəlir potensialı olan bir oyundur.

Valyuta.az olaraq, bu yazıda vençur ekosisteminin əsas fiqurlarından biri — biznes-mələklər haqqında danışacağıq.

Vençur investisiyası nədir və burada biznes-mələklərin rolu nədir

Vençur investisiyası — gəlir gətirməyə başlamamış, lakin inkişaf potensialına malik innovativ şirkətlərin erkən mərhələlərdə maliyyələşdirilməsidir. İnvestorlar bu şirkətlərə kapital qoyaraq onların səhmlərində pay alırlar və uğurlu çıxış (səhmlərin satışı və ya IPO) zamanı investisiyalarını bir neçə dəfə artırmaq ümidi ilə risk edirlər.

Biznes-mələklər isə bu prosesdə şəxsi vəsaitlərini "Pre-Seed" və ya "Seed" mərhələsində olan startaplara yatıran fərdi investorlardır. Onlar vençur fondlarından fərqli olaraq başqa şəxslərin və ya qurumların deyil, öz pulları ilə investisiya edirlər. Bəzən tək, bəzən isə sindikatlar — yəni qrup şəklində çıxış edirlər. Bu şəxslər çox zaman uğurlu sahibkarlar, top-menecerlər və ya İT, maliyyə və digər sahələrdə təcrübəli mütəxəssislər olurlar. Biznes-mələk yüksək gəlirli fiziki şəxsdir və sərmayəsini "equity" (səhmlər) və ya konvertasiya olunan istiqrazlar qarşılığında yatırır. Onların rolu yalnız pulla məhdudlaşmır: onlar mentorluq, əlaqələr və ekspertiza ilə startapa dəstək olurlar, erkən mərhələlərdə qarşıya çıxan çətinlikləri aşmağa yardım edirlər.

Biznes-mələklər — startapların “ilk dostları”dır.

Biznes-mələklərin vençur ekosistemində rolu

Biznes-mələklər startapların öz hesabına maliyyələşmə (bootstrap) ilə klassik vençur raundları arasında olan boşluğu doldururlar. Vençur fondları artıq müəyyən nəticə göstərmiş (traction) layihələrə üstünlük verir, biznes-mələklər isə yalnız ideyaya əsasən investisiya etməyə hazırdırlar. Onlar:

— layihələri qiymətləndirir və seçirlər: bazarı, komandanı və məhsulu təhlil edirlər. Yalnız kapital deyil, "ağıllı pul" da təqdim edirlər: bir çoxu keçmiş CEO-lar olduqları üçün strategiya, işə götürmə və bazara çıxış məsələlərində kömək edirlər;
— investisiyaları sindikatlaşdırırlar: riskləri bölmək və ümumi çeki artırmaq üçün birləşirlər. ABŞ-da orta sindikatlaşdırılmış investisiya razılaşması $200 000–$400 000 arasında olur.

Nə qədər vəsaitlə başlamaq olar: tipik investisiyalar və giriş həddi

Ən geniş yayılmış yanlış təsəvvürlərdən biri odur ki, biznes-mələk olmaq üçün milyonlarla dollar tələb olunur. Əslində isə giriş hədəfi nisbətən aşağıdır, lakin riskləri başa düşmək vacibdir. İndi isə rəqəmlərə nəzər salaq:

Tipik investisiya məbləğləri

— Fərdi çek: bir mələk üçün $10 000-dan $100 000-a qədər. ABŞ və Avropada orta göstərici $25 000–$100 000-dır;
— Sindikatlaşdırılmış investisiyalar: mələklər birləşdikdə ümumi çek $200 000–$500 000-a qədər yüksələ bilər. Bu zaman hər bir iştirakçı $5 000–$10 000 ilə daxil ola bilər;
— Maksimal məbləğlər: bir mələk üçün nadir hallarda $250 000-dan yuxarı olur, çünki bundan sonrası artıq vençur fondların fəaliyyət sahəsinə aiddir.

Biznes-mələk investisiyasında risklər olduqca yüksəkdir:

— kapitalın tam itirilməsi ehtimalı: startapların təxminən 70%-i ilk 3–5 il ərzində bazarda qala bilmir;
— uzunmüddətli gözlənti: investisiyaların geri dönüşü 5–10 il çəkə bilər, üstəlik, uğurlu startap belə likvidlik zəmanəti vermir;
— bazar və komanda riskləri: düzgün olmayan strategiya, zəif komanda və ya bazarda dəyişiklik layihəni iflasa uğrada bilər.

Risklərin azaldılması üçün tövsiyə olunur:

— "due diligence" prosesini ciddi aparmaq: komanda, bazar və məhsulu ətraflı araşdırmaq;
— təcrübəli lider-investorların rəhbərliyi ilə sindikatlar vasitəsilə investisiya etmək;
— ümumi kapitalın 5–10%-dən çoxunu vençur investisiyasına yönəltməmək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru