Paşinyan-kilsə qarşıdurması bitdi? – II Qaregin ABŞ-dədir, baş nazir isə nə edəcəyini bilmir
Bu gün, 07:34

Bir müddət əvvəl Baş nazir Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında baş qaldıran amansız qarşıdurma son günlər demək olar, tamamilə gündəmdən çıxıb. Erməni mətbuatının yazdığına görə, kilsəyə savaş açan Nikol Paşinyan hazırda bundan sonra nə edəcəyini bilmir.
Hakimiyyətdəki mənbələr müxalif “Hraparak” nəşrinə bildiriblər ki, Paşinyan kilsəyə qarşı düşmən mövqeyindən geri çəkilməyib, sadəcə olaraq bəzi suallara cavab tapa bilmir və bundan sonra nə edəcəyini müəyyənləşdirməyib.
Bundan əvvəl Paşinyan Eçmiədzindəki meydanda böyük aksiya keçirəcəyini və hərəkata şəxsən rəhbərlik edəcəyini vəd etmişdi. Onun bu planı iyulun 27-də Vardavar bayramı günü həyata keçirməli idi. Lakin bu baş vermədi.
Qəzet yazır ki, daha sonra Vaşinqton görüşlərilə bağlı hərəkətlənmə başladı və Paşinyanın başı bu məsələyə qarışdı. Bu baxımdan hələlik kilsəyə ayıracaq vaxt yoxdur.
Nəşr bildirir ki, digər yandan, Paşinyan kütlə toplayıb II Qareginin istefasını tələb etsə də, katalikos özü buna razılıq verməsə, onun devrilməsi mümkün deyil: “II Qaregin taxtdan könüllü getməsə, siyasi hakimiyyət bu məsələdə acizdir. Paşinyan nə qədər avantürist olsa da, bunu başa düşür və bilir ki, yeganə çıxış yolu katolikosu psixoloji cəhətdən yormaqdır ki, öz istəyi ilə getsin. II Qaregin bir neçə gündür ki, ABŞ-dədir. Bəzi mənbələr onun müalicə üçün getdiyini bildirir”.
Qeyd edək ki, Paşinyan artıq bir neçə həftədir erməni Apostol kilsəsinə qarşı heç bir bəyanatla çıxış etmir. Ancaq müşahidəçilər hesab edirlər ki, baş nazir “başı açılan kimi” kilsəyə qarşı hərəkətə keçəcək və Ermənistanda dini siyasətə qarışdıran II Qaregini istefa verməyə məcbur etmək üçün əlindən gələni edəcək.