Tərtərdə YAP-ın yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
19-11-2016, 12:12
Noyabrın 18-də Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının respublikanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib. R.Şabanov Yeni Azərbaycan Partiyası və onun böyük lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu, olduqca çətin bir şəraitdə yaranmış partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyib, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasi kursunu, ölkənin davamlı inkişafının bundan sonrakı uğurlarını təminatlı gələcəyin mühüm şərti olaraq dəyərləndirməli, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvü dahi rəhbərin ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir.
Tədbirdə digər çıxış edənlər YAP Qadınlar Şurasının sədri Xatirə Məmmədova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, uşaq xəstəxanasında tibb bacısı Çinarə Əzizbəyli partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələri reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıblar.
Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənmiş şəxslərə YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın vəsiqələri təqdim edilib.