“Qarabağ” media mükafatı ilk dəfə Tərtərdə təqdim olundu

21-11-2016, 10:05           

teref.az - Azərbaycan Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə vətənpərvərlik mövzusunda işıqlandırılan yazıların mükafatlandırılması üçün “Qarabağ” media mükafatı təsis etmiş, ilk olaraq bu mükafatın təqdimetmə mərasimi Tərtər rayonunda keçirilmişdir. Tədbirdə media nümayəndələri ilə birgə rayon ziyalıları, yerli KİV-nin nümayəndələri də iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov media nümayəndələrini salamlamış, onları tədbir iştirakçılarına təqdim etmişdir.
Sonra rayon rəhbəri müharibə dövründə Tərtərin düşmən üçün alınmaz bir qala olduğunu, ordu və xalqın sarsılmaz monolit birlik nümayiş etdirdiyini bildirmiş, tərtərlilərin döyüş gedə-gedə tikinti-abadlıq, quruculuq işləri ilə də məşğul olduğunu, düşmənə bununla mənəvi zərbə vurduğunu dilə gətirmişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tərtərliləri salamlayaraq “Qarabağ” mükafatının beynəlxalq mükafat olduğunu qeyd etmiş, gələcəkdə bu mükafatın Azərbaycan həqiqətlərini düzgün işıqlandıran xarici jurnalistlərə, televiziya və elektron mətbuat nümayəndələrinə də veriləcəyini bildirmişdir. Sonra “Azərbaycan”, “Respublika”, “Xalq”, “İki sahil”, “Yeni Azərbaycan”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Tərtər” qəzetlərinin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur. “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının idarə heyyətinin üzvü, Tərtər rayonunun fəxri vətəndaşı Umud Mirzəyev, “Bakı xəbər” qəzetinin redaktoru Aydın Quluyev, “Yeni Azərbaycan” qəzetinin redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in redaktoru Rəşad Məcid, “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quluyev, Millət Vəkili Sahib Alıyev çıxış etmişlər. Onlar mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə, mətbuat şurasına və həmişə mətbuat işçilərinə qapı açdığı, səmimi münasibətinə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Rayon ziyalıları adından çıxış edən Zabil Zeynalov mükafata layiq görülən media işçilərini təbrik etmişdir.
Sonda Əflatun Amaşov kütləvi informasiya vasitələrinə açıqlama vermişdir. O, qeyd etmişdir ki, sosial mediada şərəf və ləyaqəti təhqir edən yazılar mətbuat şurasının diqqətindədir. Dərc edilən bəzi onlayn media nümayəndələri barədə ciddi ölçülər götürüləcək. Hazırda bəzi bu cür media qurumları barədə respublika baş prokurorluğuna məlumat verilib.
Sonda media işçiləri xatirə şəkli çəkdirmişlər.


























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.