Açın gözünüzü, görün Lahıcı, tanıyın lahıclıları - Yalan, şər ayaq tutar yeriməz
29-11-2016, 18:25
teref.az - Salam, əziz oxucular! Bu dəfəki yazımız tamam başqa mövzuda olacaq. Biz çalışacağıq ki sizlərə Lahıc haqqında bəlkə də bilmədikləriniz məlumatları diqqətinizə çatdıraq. Müxtəlif saytlarda rayonumuz, Lahıc, İsmayıllının İcra Başçısı hörmətli professorumuz, Əməkdar elm xadimi Mirdaməd Sadıqov, hərbiçilərimiz haqqında yazılmış hədyanlara.,yalanlara, insafsız fikirlırə və şərlərə,böhtanlara cavab olaraq obyektiv mövqeyimizi ortaya qoyaq.
1. Lahıc Azərbaycanın çox qədim yaşayış məskənidir. Buranın tarixi haqqında dəqiq fikir söyləmək çox çətindir. Ancaq bir fikir həqiqətdir ki, Azərbaycanın ən qədim adət-ənənələri burada bu günümüzə qədər maksimum dərəcədə az deformasiyaya uğramaqla qorunub saxlanmışdır.Lahıc Azərbaycanımızın ucqar bir nöqtəsi olmaqla burada özünəməxsus adət-ənənələr formalaşmışdır. Lahıcın öz folkloru, deyimləri, məzəli əhvalatları, lətifələri vardır və bunlar hamıya bəllidir. Məsələn, biri budur ki, Lahıcda “duz əkilir” ifadəsi işlənir. Əlbəttə, hamı bilir ki, duz əkilməz. Bəs “duz əkmək” məsələsi necə yaranıb bunu öyrənmək lazımdır. Lahıcda aqil və hazırcavab adamlar çox olub. Onlar bəzilərinin başa düşmədiyi məsələni özlərinə məxsus şəkildə "duz əkmişik" kimi deyiblər. Sonralar bu lətifəyə dönüb. Bu yaxınlarda "Kend-info" saytında yazılmışdı ki, bu il Lahıcda duz boldur. Buna görə də çoxlu iş yeri açılacaq. Əlbəttə bu bizim hissiyatımıza bir az toxundu. Ona Lahıcdan cavab verənlər də tapıldı. Hətta sərt cavab verənlər də oldu. Axı bunlar Lahıcdan nə istəyirlər? Niyə Azərbaycanın bu qədim diyarının camaatının hissiyyatına toxunurlar? Bəlkə biz lahıclılar da başlayaq başqa yerlər haqqında bildiklərimizi reklam edək. Başqa yerlərin haqqında belə deyimlər yoxdurmu? Gərək hər sözün yerini biləsən. Əlbəttə biz kobudluğun tərəfdarı olmasaq da, belə şit sözlər yazılanda bizlər də başlayırıq duzu daşımaq üçün ulaq axtarmağa
2. Lahıc 1980-ci ildən Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Burada 300-dən çox abidə Dövlət tərəfindən qorunur. Hələ biz heç bir araşdırma aparılmayan abidələr haqqında danışmırıq.Lahıcda 7 məhəllə, 7 hamam, 7 məscid, 7 bulaq, 7 dəyirman olmuşdur ki, bunların çoxu bu günümüzə çatmışdır.Qeyd edək ki, Lahıc abidələrinin sırasına onun bağlarını da daxil etmək lazımdır."Hacı Dadaş bağı", "Hacı Cahanbaxş bağı", "Hacı Seyid Kamil bağı" və s. belələrindəndir. Bunların hər biri bərpa olunaraq abidə kimi xalqa təqdim ediləsi bağlardır. Bu yaxınlarda "Kend-info" saytında bir məqalə getdi ki, Lahıcın girəcəyindəki bağda Mirdaməd Sadıqov 12 ha yeri çəpərləyib. Adam bilmədiyini yazanda həmişə gülməli vəziyyətə düşür. Axı belə yazıları kim və ya kimlər sifariş verir. Əvvəla bu bağın yarandığı gündən ərazisi 5 ha olub. Bu bağdan çoxlu adamlara kolxoz-sovxoz dağılanda əmlak payı verilib. Bağın yiyəsi adından göründüyü kimi Hacı Seyid Kamil adlı bir imkanlı və xeyirxah şəxs olub. Həmin adam da Mirdaməd müəllimin babası olub. İndi də lahıclılar həmişə deyirlər ki, bu bağdan elə Mirdaməd müəllimə verilən yer halaldır. Bəlkə elə deyil? Sonrası da 12 nəfərin burada yeri var.Hələ Mirdaməd müəllim rayona icra başçısı gəlməmiş onun anası Fatma Sadıqovaya da 0,12 ha yer verilib. Qəbahətdir? Onu hamı bilsin ki , Mirdaməd müəllim haqqında yazılan hər bir saxta məlumat bizi hiddətləndirir. Mirdaməd müəllim bizim "Böyük lahıclımız"dır. Onun bu rayonda yüzlərlə insana yaxşılığı dəyib.Gəlin daşı tökün ətəyinizdən. Sizin sifarişçilər savadsız, ləyaqətsiz, qanun, ədalət, düzlük və halallıq əleyhinə olan adamlardır.
3. Bütün sahələrdə olduğu kimi Lahıcdan çoxlu hərbçi yetişib.Yalnız son illərdə Ali Hərbi Məktəbi bitirən 25 lahıclı gənc bu gün Milli Orduda zabit kimi xidmət edir. Bunları yazmaqda məqsədimiz var. Bu yaxınlarda "Kend-info"da belə bir yazı getmişdi: Lahıcın icra nümayəndəsinin nəvəsi Azərbaycan bayrağını ayaq altına atıb. Şəkil də qoyulmuşdu. Şəklin nə çəkildiyi yer görünmürdü, nə də bir adam yox idi. Deməli şər-böhtan idi bu yazı. Bir məlumatı da qeyd edək ki, Lahıcın icra nümayəndəsinin oğlu hərbiçidir. Cəbhə bölgəsində qulluq edir. Polkovnik-leytenantdır. Son aprel döyüşlərində iştirak edib, qəhrəmanlıq göstərib, mükafat alıb. Sözü gedən uşaq da onun oğludur. İndi özünüz qiymət verin. Uşağın atası vətənin keşiyindədir. Azərbaycan bayrağının şərəfini qoruyur.Oğlu(uşağın 3 yaşı var) isə guya ki, bayrağı təhqir edir. Bir təzada baxın. Yazanlar isə bəllidir. Uşaqlarını millətin canı üçün "radar yazan" kimi cəmiyyətə sırıyan, Qarabağ veteranı pərdəsi altında dövlətdən hər cür vəsait alan adamlar.Arvad telefonu ilə "Kend-info"ya məlumat ötürənlər. Utanıb yerə girmirlər.
Əziz oxucular! Biz sizi çox yormaq istəmirik. Lakin belə yazılar bundan sonra da səhifəmizdə tez-tez veriləcək.
Sağ olun!
“Lahıc və lahıclılar” səhifəsindən, Lahıc qəsəbə tam orta məktəbinin müəllimləri
teref.az