3 dekabr Əlillər günü Nəsimi rayonunda qeyd edilmişdir

3-12-2016, 12:51           

teref.az - Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi, 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan və Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış uşaq bağçasındakı əlil uşaqlar- ümumilikdə 200-dən çox əlil uşaq üçün «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7406 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır.
A.Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuşdur. İl ərzində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə 268 və 11 saylı məktəblərdə təhsil alan 20 nəfər uşağa əlil arabası təqdim edilmişdir.
Bu il müxtəlif kateqoriyalardan olan 158 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Şəki, Kürdəmir rayonları və Bilgə qəsəbəsindəki istirahət mərkəzləri və sanatoriyalara göndərilmişlər.

Həmçinin qeyd olunmuşdur ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən 268 saylı Xüsusi məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu 814 nəfər uşaq təhsil alır. 162 nəfər məktəbdə, 652 nəfər isə evdə təhsil alır. Onlara 246 nəfər müəllim dərs keçir.Rayonda fəaliyyət göstərən 11 saylı Xüsusi məktəb 1947-1948-ci tədris ilində istifadəyə verilmişdir. 109 nəfər məktəbdə, 747 nəfər isə evdə təhsil alır. Onların təhsili ilə 304 nəfər müəllim məşğul olur.
Nəsimi rayonunda Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçası 1972-ci ildən fəaliyyət göstərir. Bağçada 7 qrup fəaliyyət göstərir ki, onlardan 5 qrupu kar, 2 qrup isə zəif eşidən qruplardır. 23 pedaqoji işçi 50 nəfər uşağın tərbiyəsi ilə məşğul olur.
Rayonda Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi fəaliyyət göstərir ki, burada autizm sindromundan əziyyət çəkən uşaqların reabilitasiyasına dəstək göstərilir.Hal hazırda burada 24 uşağa köməklik göstərilir, il ərzində 100-dən artıq uşağa müvafiq köməklik göstərilmişdir.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmuşdur.

Tədbirdə 200 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş, populyar incəsənət ulduzları- Nadir Bayramlı, Təranə Qumral, Musa Musayev,Tural Salmanov, Zahid Qubadlı, Yaşar Yusub, Şadi Sehrab qızı və şən klounlar öz mahnıları və ifaları ilə tədbiri uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişlər.

























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.