ONDAN YAXŞI,QEYRƏTLİ BACI YOX İDİ RƏNA BACIMIN ÖLMƏZ RUHUNA
24-12-2016, 11:51
Elə bil ürəyimə dammışdı.Axşam ömür-gün yoldaşımla bacım Rəna xanımdan,həkimliyindən danışırdıq.Səhər tezdən yoldaşım məni qara xəbərlə oyatdı.Düz 13 il qabaq 30 dekabr 2003-cü ildə İsgəndər bəyin azad edilməsi sevincini mənimlə bölüşən, adı kimi özü də,iç dünyası da gözəl olan Rəna xanımı Tanrı aramızdan aparıb!
Rəna xanım gözəl insan,əsl həkim,qeyrətli həyat yoldaşı olub.Bir yol görmədik ki,həyat yoldaşının hansısa hərəkətini pisləsin.Hər çağ onun yanında idi.İsgəndər bəyin məhbəs həyatını da,elə bil,Rəna xanım yaşadı.Yaxşı yadımdadır,20 il qabaq qəzetlərin birinin Məğrur adlı əməkdaşı məhbəsdə olan İsgəndər bəydən gerçəyə uyğun olmayan informasiya yaymışdı.Ev telefonumun dəstəyini götürəndə Rəna xanımın sarsıntılı,əsəbi səsi qulaqlarımda elə cingildədi ki,tez yazı yiyəsinin başqası olduğunu deməklə az da olsa,bacımı sakitləşdirə bildim.Açılmayan cinayətlərdən söz düşəndə isə Rəna xanım o çağ həbsdə olan həyat yoldaşının bu işin öhdəsindən ustalıqla gələ biləcəyini əminliklə vurğulayırdı.Əsl türk xanımı idi.Onda kökdən-soydan gəlmə bir aristokratlıq,xanım-xatunluq vardı.
Ömür-gün yoldaşımla bizi yandıran son çağlarda onu görə bilməməyimiz oldu.İndi yoldaşım məni nankorluqda qınayır.Axı,Rəna xanım mənim xəstələndiyimi bilən kimi anında yardımını əsirgəmirdi.Yerimi gizlədəndə də Kamranı (bacısının yoldaşını) göndərib harada olsam,tapırdı.Ondan yaxşı,ondan qeyrətli bacı yox idi...
Gözümüz,könlümüz qan ağlayır.Adam heç kimin könlünə,qəlbinə dəymədən bir anın içində necə torpaq ola bilər?Əli Kərimin ölməz misraları ruhumu oxşayır:
AĞLAMA,KÖNLÜM,KİRİ,GÖZÜMDƏ YAŞ QALMAYIB.
BU ADDA,BU NİŞANDA O GÖZƏL GƏNC
CAHANDA OLMAYIB,OLMAYIB,OLMAYIB...
MƏĞRUR BƏDƏLSOY,Qarabağ savaşı əlili