Nəsimi rayonunda 15 iyun Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir.

12-06-2017, 20:21           

teref.az - 15 iyun xalqımızın Milli Qurtuluş günüdür. Bu şanlı tarix səhifəsini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.Vətənin bu ağır dövründə xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
15 iyun – Qurtuluş günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində Qurtuluş günü münasibətilə görüşlər, dəyirmi masalar, konfranslar, idman yarışları təşkil edilir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində iyun ayının 12-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, tariximizə Milli Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Ulu Öndər Heydər Əliyev tarixin yetişdirdiyi elə nadir şəxsiyyətlərindəndir ki, hələ sağlığında ölməzlik qazanmış, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin uzaqgörən və müdrik dövlət xadimi olması artıq tarixin özü tərəfindən təsdiqlənmişdir. O, Azərbaycanın inkişaf və tərəqqisi üçün zəmin yaratmışdır. Heydər Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Asif Əsgərov rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdırdı. Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının gənclərə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan A.Əsgərov onlara bütün bu işlərdə uğurlar arzulamış, Nəsimi rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.
Görüş zamanı Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Azər Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını qeyd etmişdir.
Görüşdə iştirak edən şəhid ailələrindən Furadan Xəlilova və Elza İsmayılova dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını bildirmişdilər. Veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini bildirmişlər. Görüşün sonunda iştirakçiları maraqlandıran suallar müzakirə edilmiş, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.