Onbirincilərin son zəngi,müstəqil həyatın ilk zəngi İsmayıllıda mütəşəkkil keçdi.
14-06-2017, 18:18
teref.az - İsmayıllı rayonunda 46 tam orta məktəb fəaliyyət göstərir. Tarixi ənənələrinə novatorluqla yanaşan təhsil təşkilatçıları və müəllimlər şagirdlərin müstəqil həyata hazırlanması üçün əsil mənada elmi və zehni əmək sərf edir, mükəmməl öyrənir və müasir təlim üsulları əsasında öyrədirlər.14 iyun 2014-cü il tarixdə keçirilən son zəng tədbirlərində qazanılan yüksək nəticələrdən ətraflı bəhs edilib. Qeyd olunub ki, dövlətin yaratdığı nümunəvi təhsil şəraitində İsmayıllı şagirdləri nailiyyətləri ilbəil artırırlar. Hər il ali məktəbə sənəd verən tam orta məktəb məzunlarından 24-25 nəfəri 600-dən yuxarı bal toplayır. 2016-cı ildə şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov, bu il isə Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov qəbul imtahanlarında 700 bal toplayıb.
Tam orta məktəblərin 970 nəfər məzunundan 480 nəfəri universitetlərə qəbul üçün sənəd verib. 19 abituriyent yüksək bal toplayıb. Test imtahanlarının ilkin mərhələsini İsmayıllı təhsil sistemi üçün uğurlu hesab etmək olar.
Rayonun məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları son zəng tədbirlərində iştirak edib, qazanılan uğurlardan, Qurtuluş gününün mahiyyətindən, təhsilin inkişafı üçün bölgədə həyata keçirilən tədbirlərdən, şagirdlərin intellektual, bilik və idman yarışlarında, olimpiadalarda qazanılan nailiyyətlərindən danışıblar.Ölkənin və rayonun inkişafında qazanılan nailiyyətlər çıxışların əsas məzmunu olub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qədim Basqalın yeniliklərlə zəngin tam orta məktəbində olub. Məzunları təbrik edib, onlara müstəqil həyatda öz layiqli yerlərini tutmağı, əsil vətəndaş olmağı, kamil mütəxəssis olmağı, qəsəbənin, rayonun ehtiyac duyduğu ixtisaslara yiyələnməyi tövsiyə edib.Bildirib ki, hər bir şagird və gənc, hər bir Azərbaycan vətəndaşı dövlətin, Prezidentin qayğısı ilə əhatə olunub. Təhsil ocaqlarında yaradılan nümunəvi şərait və belə qayğı şagirdləri daha yaxşı oxumağa, ölkəni daha yaxşı tanımağa, milli-mənəvi dəyərləri qorumaq və zənginləşdirməyə, Azərbaycan dilini və tarixini dərindən öyrənməyə məsul edir.
RİH-nin başçısı Mirdaməd Sadıqov pedaqoji işçilərə təşəkkür edib, ən yüksək bal toplayan məzunu mükafatlandırıb.
Məktəbin direktoru Ağasəfər Qafarov çıxışında qeyd edib ki, biz bütün işlərdə, hər bir problemin aradan qaldırılmasında rayon icra hakimiyyəti rəhbərliyinin ardıcıl köməyini görürük.Bunun nəticəsidir ki,məktəbimizdə təlim keyfiyyəti yaxşılaşır,şagirdlərin bilik və idman yarışlarında uğurları artır.
Onbirincilər öz arzu və istəklərindən danışıblar. Birincilər şeir söyləyiblər. Məktəbin rəmzi açarı birincilərə təqdim edilib.
Yekunda Mirdaməd Sadıqov hər bir valideyinlə, qəsəbə ictimaiyyəti ilə görüşüb, tək təhsilin davamı ilə yox, Basqalın həyat şəraitinin daha da yaxşılaşması və xalq sənət növlərinin bərpası ilə əlaqədar onların arzu və təkliflərini öyrənib.
Şəhər 3 saylı məktəb-liseydə, Lahıc qəsəbə , şəhər 1,2,5,6 saylı, Talıstan, İvanovka, Mollaisaqlı tam orta məktəblərində, bir sözlə, rayonun hər bir təhsil müəssisəsində son zəng tədbirləri yüksək əhval-ruhiyədə, əsil bayram səviyyəsində qeyd olunub.