Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14-06-2017, 18:35
teref.az - İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilib.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə dair qısa film nümayiş olunub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Milli Qurtuluş Gününün əhəmiyyəti, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti barədə fikirlərinin təqdim olunduğu filmdə, həmçinin Ümummilli Liderin müəllifi olduğu dövlət gənclər siyasəti çərçivəsində bu sahəyə göstərilən diqqət və qayğıya dair görüntülər nümayiş etdirilib.
Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək 15 İyunun Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb. Baş nazirin müavini Azərbaycanın müasir tarixində iki önəmli hadisənin - müstəqilliyin bərpasının və Milli Qurtuluş Gününün önəmini diqqətə çatdırıb. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişaf üçün fundamental əsasların yaradıldığını bildirib. Qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Azərbaycanın sürətlə inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli Qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Son 13 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə böyüməsi, əhalinin rifah halının yaxşılaşması bu inkişafın əsas göstəriciləridir.
Prezident İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycanın öz inkişafının yeni mərhələsini yaşadığını qeyd edən Əli Əhmədov deyib ki, ölkəmizin iqtisadi transformasiyasının əsas səbəbi iqtisadiyyatın daha da gücləndirilməsi, insanların rifahı üçün daha əlverişli şəraitin təmin olunması, bütün bu uğurlara nail olunmasında yeni üsul və vasitələrdən istifadə edilməsidir. Prezidentin rəhbərliyi ilə reallaşdırılan islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanın yeni mərhələdə daha sürətli inkişafını təmin etmək məqsədini güdür. Baş nazirin müavini bu islahatlar nəticəsində Azərbaycanın daha sürətlə inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayan Əli Əhmədov partiyanın sıralarında birləşən 700 min insanın ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verdiyini bildirib.
YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü il iyunun 15-nin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm başlanğıc nöqtəsi olduğunu qeyd edib. Bildirib ki, xilaskarlıq missiyasını öz üzərinə götürərək hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın geosiyasi imkanlarından istifadə edərək müstəqilliyi qoruyub saxlamağa, ölkəmizi sürətli inkişaf yoluna çıxarmağa, xalqımızın milli-mənəvi sərvətlərimizə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu.
Vurğulanıb ki, Ulu Öndərin uzaqgörən siyasətini müasir dövrün tələbləri əsasında daha da inkişaf etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutan, davamlı inkişafını təmin edən qüdrətli ölkəyə çevrilib. Ölkəmizin sürətli inkişafında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da xidmətlərini xüsusi vurğulayan A.Əsgərov respublikamızın uğurlu inkişafının paytaxtın Nəsimi rayonunun sosial-iqtisadi mənzərəsində də əksini tapdığını bildirib.
Azərbaycan Dillər Universitetinin kafedra müdiri Aynur Sabitova ulu öndər Heydər Əliyevin ölkəmizdə gender siyasətinin müəllifi olduğunu qeyd edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan qadınını mütəşəkkil qüvvə kimi səfərbər edərək ölkəmizin inkişafına mühüm töhfələr verməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva uğurlu fəaliyyəti ilə ölkəmizdə qadın hərəkatının inkişafında yeni mərhələnin başlanmasına töhfə verib. Xanım Mehriban Əliyevanın UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti Azərbaycan qadınının uğurlarının təntənəsidir.
YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin üzvü Elnurə Cəfərzadə Milli Qurtuluş Gününün müasir Azərbaycan gənclərinin inkişafında yeri və rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, gənclərimiz Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini dərindən öyrənməli, Prezident İlham Əliyevin həyata keçirdiyi və ölkəmizin sürətli inkişafını təmin edən dövlət siyasətinə sadiq qalaraq, Azərbaycanın tərəqqisinə mühüm töhfə verməlidirlər.